Azedu.az

Şagirdlərin dərs yükünü ağırlaşdıran DƏRSLİKLƏR - etimad itir, narazılıq artır...

Xəbərlər

9 Oktyabr 2025, 16:37
Şagirdlərin dərs yükünü ağırlaşdıran DƏRSLİKLƏR - etimad itir, narazılıq artır...

“Nə qədər ki, dərslik vəsaitlərimiz kollektiv məhsul olmayacaq, müəlliflik iddiası davam edəcək, o qədər də dərsliklərimizdə qüsurlar qalacaq”.

Bu sözləri AzEdu.az-a təhsil eksperti Məzahir Məmmədli söyləyib.

O qeyd edib ki, məktəb dərsliklərinə olan etimad azalır:

“Məktəblərin, xüsusilə 11-ci siniflərin dərs yükünün ağırlığı ilə bağlı gedən müzakirələrin nəticə verməməsinin əsas səbəblərindən biri odur ki, bu gün Dövlət İmtahan Mərkəzi ümumtəhsil məktəblərində Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş proqramdan kənar vəsaitlər çap edir. Həmin vəsaitlər artıq ali təhsil müəssisələrinə qəbul zamanı sualların tərtib olunmasında əsas rol oynayır.

Bu vəziyyət ümumtəhsil məktəblərinin buraxılış siniflərində, xüsusilə 11-ci siniflərdə oxuyan şagirdlər üçün ucqarlarda, rayonlarda, kənd yerlərində təhsil alan abituriyentlərlə şəhər, böyük şəhər mərkəzlərində təhsil alan abituriyentlər arasında ciddi fərq yaradır. Kimlər ki, Dövlət İmtahan Mərkəzinin vəsaitlərindən istifadə edə bilir, onların nəticələri yüksək olur. Amma kimlər ki, yalnız ümumtəhsil məktəblərinin proqramı ilə hazırlaşır, onlar üçün bu suallar tam əhatəli olmadığından dərsliklərə olan etimad itir”.

Dərsliklər əsasən müəlliflik iddiası ilə ərsəyə gəlir:

“Digər tərəfdən, elm və təhsil naziri ənənəvi sentyabr müşavirəsində xüsusi olaraq qeyd etdi ki, Azərbaycanda bir neçə dərslik var ki, onların həm dili, həm də üslubu ağırdır və onlar yenilənməlidir. Dərsliklərin bu vəziyyətdə olmasının bir səbəbi də ondan ibarətdir ki, bu dərsliklər əsasən müəlliflik iddiası ilə ərsəyə gəlir. Yəni, fərdi təşəbbüslə hazırlanır və nəticədə ziyan çəkən həm dərsliklərin keyfiyyəti, həm də şagirdlər olur.

Əslində, bu dərsliklər kollektiv məhsul olsa, daha keyfiyyətli nəticə əldə oluna bilər. Hazırda Təhsil İnstitutu xüsusi bir portal açıb və həmin portal üzərindən hər kəs dərsliklərin müzakirəsində iştirak edə bilər. Lakin nə qədər ki, dərslik vəsaitlərimiz kollektiv məhsul olmayacaq, müəlliflik iddiası davam edəcək, o qədər də dərsliklərimizdə qüsurlar qalacaq. Hesab edirəm ki, 11-ci siniflərdə həm hazırlıq müəllimlərinin, həm də fənn müəllimlərinin narazılığı, DİM ilə ümumi təhsil məktəblərində təsdiq olunmuş dərs vəsaitləri arasında yaranmış fərqlə bağlıdır”.

Müəlliflər arasında fikir ayrılığı dərs vəsaitlərinə təsir edir:

“Burada təkcə məzmun yox, həm də tarixi baxış bucaqları fərqlidir. Digər məsələlər də var ki, hətta dəqiq elmlərin özündə belə müəyyən problemlər müşahidə olunur. Müəlliflər arasında olan ciddi fikir ayrılıqları nəticədə dərs vəsaitlərinin məzmununa da təsir edir. Yaxşı olardı ki, bu vəsaitlər geniş müzakirələrin nəticəsində, kollektiv şəkildə hazırlanaraq çap olunsun. O halda ümid edə bilərik ki, bu cür gərginliklərə artıq ehtiyac qalmaz”.

Əliyev Rusiyanın ideyasını BASDIRDI - Putin üzr istəyə bilər
Son xəbərlərDaha çox