Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə belə bir təşəbbüs irəli sürüb.
AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən elm və təhsil eksperti Səbuhi Abdullayev bildirib ki, türk dilli dövlətlərin istedadlı tələbələrinin qiymətləndirilməsi onların gələcək perspektivlərini ortaya çıxaracaq:
"Son zamanlar Türk Dövlətləri arasında birgə layihə və tədbirlərin sayı artır. Bu, həm dünya miqyasında baş verən münaqişələr fonunda, həm də türk dövlətlərinin bir-birinə yaxınlaşması istiqamətində atılan mühüm addımların göstəricisidir.
Elm və təhsil sahəsində inteqrasiya meylləri də artmaqdadır. Azərbaycanda Türkiyə universitetinin yaradılması və ortaq əlifba məsələsinin gündəmə gətirilməsi kimi təşəbbüslər ölkələr arasında əlaqələrin güclənməsinə səbəb olur. Ən əsas amil isə bu inteqrasiyanın əsas dayağı kimi təhsilin önə çıxmasıdır.
Ortaq təqaüdlərin təsis olunması, tələbələrin qarşılıqlı əlaqə qurması üçün imkanların yaradılması Türk Dövlətlərinin daha da yaxınlaşmasına təkan verəcək. Bu, çox düzgün və vacib addımdır. Təkcə təqaüdlə kifayətlənməyib, qarşılıqlı səfərlər və təhsil mübadilələri də təşkil oluna bilər".