Uşaqlarda tərləmə, orqanizmin temperatur tənzimləmə mexanizminin bir hissəsi olub, müəyyən hallarda tamamilə normal sayılır. Lakin bəzi uşaqlarda həddindən artıq və ya qeyri-adi şəraitdə baş verən tərləmə müxtəlif sağlamlıq problemlərinin göstəricisi ola bilər.
AzEdu.az-a mövzu ilə bağlı danışan pediatr Günay Rəsulova bildirib ki, çox tərləmə uşaqlarda hər hansı xəstəliyə yol açmır:
“Tərləmə orqanizmin normal funksiyalarındandır. Orqanizm öz normal istiliyini tərləyərək tarazlayır. İlk 1 ayda uşaqlarda tər vəziləri fəaliyyətə başlamadığından tərləmə olmur. Ona görə bu ayda uşaqlarda istilik tarazlığını saxlamaq çətin olur və kiçik səbəbdən uşağın hərarəti yüksələ və ya enə bilər. Bu ayda uşağın bədən hərarətinə diqqət etmək vacibdir. Daha böyük uşaqlarda isə ətraf mühitin təsirindən bədən öz temperaturasını normal saxlamaq üçün tərləmə üsulunu seçir.
Uşaqlarda tərləmənin əsas səbəbləri bunlardır:
"Uşaqlarda tərləmənin əsas səbəbləri arasında çox isti otaq havası, qalın və düzgün olmayan paltar geyinmək, irsi olaraq çox tərləyən valideynlərdən gələn genetik meyl, vitamin D çatışmazlığı, burun tıxanıqlığı səbəbindən nəfəs alma çətinliyi, əmərkən güc sərf edilməsi, yüksək hərarətin düşməsi mərhələsində bədənin tər vasitəsilə istiliyi tənzimləməsi və nadir hallarda ciddi xəstəliklər (məsələn, Hodgkin xəstəliyi, vərəm və bəzi onkoloji xəstəliklər) yer alır".
Havanın temperaturu optimal olmalı, uşaq çox geyindirilməməlidir:
“Çox tərləmə uşaqlarda hər hansı xəstəliyə yol açmır. Yalnız lokal olaraq tər səpgiləri, göbələk, bişməcə kimi problemlərə səbəb ola bilər. Tərləmənin qarşısını almaq üçün uşaqların olduğu havanın temperaturu optimal olmalı, uşaq çox geyindirilməməli və sərin saxlanılmalıdır. Minimum paltar, otaq istiliyi və maksimum sevgi daha sağlam övlad yetişdirilməsinə kömək edəcəkdir".