Əgər bu gün nəşriyyatlar təhsili gəlir mənbəyi kimi görürsə, deməli biz maarifçiliyin ruhunu itiririk. Təhsil bazarına çevrilməməlidir. Bilik satılmamalıdır.
Bu fikirləri AzEdu.az-a Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli söyləyib.
Müsahibimiz bildirib ki, kitabların əksəriyyəti “yenilənmiş nəşr” adı ilə bazara çıxarılır, amma məzmun baxımından ciddi fərq olmur:
"Bu gün təhsil sahəsində ən çox müzakirə olunan məsələlərdən biri, bəlkə də birincisi, test vəsaitləri və dərsliklərin bahalaşmasıdır. Təəssüf ki, artıq illərdir ki, bu mövzu gündəmdən düşmür. Hər il qiymətlər artır, nəşriyyatlar yeni buraxılışlar təqdim edir, amma nəticədə zərər çəkən yenə də abituriyentlər və onların ailələri olur. Təhsil, yəni bilik qazanmaq istəyi, bəzi hallarda iqtisadi çətinliklərə görə əlçatmaz hala gəlir.
Ən narahatedici məqam odur ki, bu kitabların əksəriyyəti “yenilənmiş nəşr” adı ilə bazara çıxarılır, amma məzmun baxımından ciddi fərq olmur. Sadəcə bir neçə testin və ya şəkilin dəyişdirilməsi ilə “yeni versiya” elan olunur və bu, nəşriyyatlar üçün yenidən qazanc imkanı yaradır. Halbuki, bu dəyişikliklərin böyük hissəsi strateji yenilik deyil, kosmetik dəyişikliklərdir. Nəticədə valideynlər hər il “övladım geri qalmasın” deyə eyni kitabların yeni nəşrini almağa məcbur olur. Bu, açıq-açığına kommersiya manipulyasiyasıdır".
XXI əsrdə abituriyent kağız kitab asılılığında qalmamalıdır:
"Əgər bu gün nəşriyyatlar təhsili gəlir mənbəyi kimi görürsə, deməli biz maarifçiliyin ruhunu itiririk. Təhsil bazarına çevrilməməlidir. Bilik satılmamalıdır. Çünki təhsilin dəyəri kitabın qiyməti ilə ölçülmür. Təhsilin dəyəri o biliklə formalaşan insanın, o insanla qurulan cəmiyyətin səviyyəsində ölçülür.
Bu problemin əsas həlli yollarından biri, məncə, dövlət nəzarətinin və şəffaf mexanizmin gücləndirilməsidir. Təhsil Nazirliyi və əlaqədar qurumlar test vəsaitlərinin, dərsliklərin və tədris materiallarının məzmun yenilənməsini tənzimləməlidir. Əgər dəyişiklik ciddi elmi və ya proqram xarakterli deyilsə, yeni nəşrin çapına icazə verilməməlidir. Bu həm ailələrin maddi yükünü azaldar, həm də bazarda keyfiyyətli, davamlı resurs sistemini formalaşdırar.
Digər tərəfdən, artıq rəqəmsallaşma qaçılmazdır. XXI əsrdə abituriyent kağız kitab asılılığında qalmamalıdır. Dövlət və özəl sektorun birgə təşəbbüsü ilə vahid elektron təhsil platforması yaradılmalıdır. Bu platformada testlər, izahlı dərs materialları, video dərslər və qiymətləndirmə vasitələri bütün abituriyentlər üçün pulsuz və ya minimal ödənişlə əlçatan olmalıdır. Bilik əldə etmə imkanı sosial statusdan asılı olmamalıdır".
Təhsil, gəlir mənbəyi deyil, gələcəyin təminatıdır:
"Eyni zamanda, müəllimlərin və tədris mərkəzlərinin maarifçilik missiyasını önə çıxarmaq lazımdır. Bəzən müəllimlər öz hazırladıqları keyfiyyətli materialları ictimai şəkildə paylaşmaqdan çəkinirlər, çünki bu, “rəqabət” kimi görünür. Halbuki, real rəqabət bilik üzərindən aparılsa, qazanan təkcə müəllim deyil, bütöv təhsil sistemi olar.
Unutmayaq ki, təhsil sadəcə imtahan nəticəsi deyil – bu, bir millətin gələcəyidir. Əgər biz bu gələcəyi nəşriyyatların qazanc oyununa çevirmişiksə, gələcək üçün təhlükəli bir proses başlamış deməkdir. Bu gün kitab bazarında baş verənlər sadəcə qiymət artımı deyil, bir dəyər deformasiyasıdır. Təhsil dəyərlərinin kommersiyaya tabe edilməsi uzunmüddətli perspektivdə həm sosial, həm də mənəvi fəsadlar yaradar.
Təhsil, gəlir mənbəyi deyil, gələcəyin təminatıdır. Nəşriyyatlar bilikdən qazanc deyil, hörmət qazanmalıdır. Gənclərin ümidini “yenilənmiş üz qabığı” ilə satmaq maarifçilik deyil, sadəcə bazar düşüncəsidir. Bizə isə bu gün bazar yox, vicdanla idarə olunan təhsil sistemi lazımdır".