Astronomlar kainatın ən sirli obyektlərindən biri olan “odd radio circle” (ORC) adlanan nəhəng radio halqalarından ən uzaq və ən energetik olanını aşkarlayıblar.
AzEdu.az-ın xarici KİV-dən əldə etdiyi məlumata görə, Avstraliya və Cənubi Afrika teleskopları vasitəsilə müşahidə edilən bu fenomen, təxminən 10 milyard il əvvəl formalaşıb. Alimlərin fikrincə, bu halqalar superkütləli qara dəliklərin partlayışı və ya qalaktikaların toqquşması nəticəsində yaranmış ola bilər.
Yeni tapılan radio halqa əvvəlkilərdən fərqli olaraq həm ölçüsünə, həm də enerjisinə görə diqqət çəkir - onun diametri təxminən bir milyondan çox işıq ili qədərdir. Bu, Yerin yerləşdiyi Süd Yolu qalaktikasından onlarla dəfə böyük bir struktura bərabərdir.
Tədqiqatçıların sözlərinə görə, bu kəşf kainatın formalaşması, qalaktikaların təkamülü və yüksək enerjili hadisələrin təsiri barədə yeni elmi suallar doğurur. Hazırda beynəlxalq elmi qruplar ORC-lərin mənşəyini dəqiqləşdirmək üçün əlavə müşahidələr və modelləşdirmələr üzərində işləyirlər.
Astrofiziklər hesab edirlər ki, bu cür radio halqalar kainatın ən qədim mərhələlərində baş verən nəhəng partlayışların izlərini daşıya bilər.