Afrika Birliyi 2025–2034-cü illər üçün “Təhsilin və Bacarıqların İnkişafının Transformasiyası” adlı genişmiqyaslı təşəbbüs elan edib. Bu plan çərçivəsində qitədə təhsil sistemlərinin modernləşdirilməsi, təhsil keyfiyyətinin yüksəldilməsi və gənclərin əmək bazarına uyğun bacarıqlarla təchiz olunması məqsəd qoyulub.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, təşəbbüsün əsas hədəfləri arasında məktəb infrastrukturlarının təkmilləşdirilməsi, müəllimlərin peşəkar hazırlığının artırılması və rəqəmsal texnologiyaların təhsilə inteqrasiyası yer alır. Afrika Birliyi bu planla qitənin təhsil sahəsində dayanıqlı inkişafını təmin etməyi, həmçinin işsizliyin azalmasına və iqtisadi inkişafın sürətlənməsinə dəstək olmağı nəzərdə tutur.