Azedu.az

Övladlarınıza dini dəyərləri mənimsəməyə imkan verin - PSİXOLOQ

Xəbərlər

6 Oktyabr 2025, 16:45
Övladlarınıza dini dəyərləri mənimsəməyə imkan verin - PSİXOLOQ

Valideynlər uşaqlarını kiçik yaşlardan dini dəyərlərə uyğun tərbiyə etməyə çalışırlar. Bəs uşaqlar dini anlayışları tam dərk etmədən bu prosesə cəlb olunduqda, bu, onların psixoloji inkişafına  və şəxsiyyət formalaşması necə təsir edir?

Psixoloq Aytən Ələkbərova AzEdu.az-a açıqlamasında bildirib ki, istər qız, istərsə də oğlan uşaqlarını dini dərinliklə anlamadan onun təsiri altına salmaq, onların şəxsiyyətinin formalaşmasında müəyyən qüsurlar yarada bilər.

169478

"Belə uşaqlar çox zaman özləri də fərqinə varmadan asan təsir altına düşməyə meylli olurlar. Əgər bir uşağa hər hansı dini qayda və ya davranış forması onun mənasını dərk etmədən öyrədilirsə, o bunu təbii şəkildə deyil, kor-koranə şəkildə tətbiq edəcək. Nəticədə, anlayışsız şəkildə mənimsədiyi dəyərlərin mahiyyətini başa düşməyəcək və maariflənmə prosesini də düzgün istiqamətdə davam etdirə bilməyəcək.

Bu baxımdan valideynlərə əsas tövsiyəmiz budur ki, övladlarınıza dini dəyərləri mənimsəməyə icazə verin, amma bunun mahiyyətini anlamağa da şərait yaradın. Uşaq bilməlidir ki, hansı səbəbdən müəyyən davranışlara gedir və ya nəyə görə qapanır.

Çünki müşahidələr göstərir ki, dini qaydaları erkən yaşda, anlamadan mənimsəyən bəzi uşaqlar yetkinlik dövründə üsyankar davranışlar sərgiləyir. Bu üsyanlar bəzən evdən qaçma, hətta intihar halları ilə nəticələnib. Belə gənclər çox vaxt özlərini günahkar sayır, əxlaqi baxımdan özlərinə qarşı mənfi münasibət formalaşdırır və ciddi psixoloji sarsıntılar yaşayırlar.

Ona görə də valideynlərə tövsiyə olunur ki, övladlarını bu məsələdə yönləndirərkən psixoloqla məsləhətləşsinlər. Psixoloq, uşağın psixoloji xüsusiyyətlərini nəzərə alaraq, həm valideynin arzularını, həm də övladın fərdi istəklərini uyğunlaşdıraraq onun sağlam şəxsiyyət kimi formalaşmasına kömək edə bilər".
 

Rusiyadan növbəti VƏHŞİLİK - Namaz qılanlara hücum
Son xəbərlərDaha çox