Azedu.az

Şagirdlərin gözündə əsl müəllim kimdir?

Xəbərlər

5 Oktyabr 2025, 15:12
Şagirdlərin gözündə əsl müəllim kimdir?

Dahi Nəsrəddin Tusi demişdir: "İnsanı kamilliyə çatdırmaq məqsədi güdən sənət dünya sənətlərinin ən şərəflisi olmalıdır”. Bu sənət elə müəllimlik sənəti, müəllimlik peşəsidir. Müəllimliyi mənə sevdirən ilk müəllimim və ədəbiyyat müəllimim olub. “Səndə öz gəncliyimi görürəm, mənim yarım qalan arzularımı sən həyata keçirəcəksən” deyərdi. Bu gün o, həyatda yoxdur, amma qəlblərdə əbədi yaşayır, günəştək qüruba getsə də, ziyası hər bir şagirdinin ruhunda öz əksini tapıb. Ruhun şad olsun , əziz müəllimim.

5 Oktyabr Müəllimlər Günü ərəfəsində şagirdlərimə ” Əsl müəllim kimdir? “ başlıqlı esse yazacağımızı söylədim. Onların yazısından, düzü, çox təsirləndim və sizlərlə də bölüşmək istədim.
Əsl müəllim sadəcə dərs deyən insan deyil. Müəllim sinif otağında müəllimdir, lakin şagirdlərin qəlbində bir dost, bir ata-ana kimi də yer alır.O, həm də həyatın müxtəlif sahələrində bizə yol göstərən, bizə doğru və yanlışın fərqini öyrədən, gələcəyimizi işıqlandıran bir bələdçidir. Müəllim dərsdə kitabdakı bilikləri başa salmaqla kifayətlənməz, həm də şagirdin xarakterinə, düşüncəsinə və davranışına təsir göstərər. Bəzən elə vaxt olar ki, müəllimin ağzından çıxan hər hansı söz şagirdin gələcəyi üçün bir işıq olar. 

Əsl müəllim öyrətdiklərini sevgi ilə çatdırır. O, şagirdin ürəyinə toxunmağı, onun maraqlarını oyatmağı bacarır.
Hər kəs müəllim ola bilər, amma hər kəs “əsl müəllim” ola bilməz. Əsl müəllim sevdiyi şagirdi seçməz, hamısına bərabər yanaşar, hamısını uğurlu görmək istəyər.Əsl müəllim şagirdinin uğuruna öz uğuru kimi sevinən, onun hər addımına dəstək olan insandır.

Əsl müəllim bizə yalnız riyaziyyatı,Azərbaycan dilini yox, həm də həyatı öyrədən insandır. O, ürəklərdə iz qoyur və illər keçsə də, şagirdləri tərəfindən minnətlə xatırlanır.. Əsl müəllim inandırır şagirdlərini- parlaq gələcəyə gedən yolda qarşılarına çıxan çətinliklərin müvəqqəti olduğuna, onların hər şeyi bacara biləcəyinə inandırır. Əgər əsl müəllim varsa, əsl şagird də olacaq. Düzgün yol göstərən biri varsa, uğur qaçınılmazdır. Müəllimin işi təkcə savad, bilik öyrətmək deyil. Əgər müəllimin vəzifəsi sinif otağında sadəcə dərs keçməkdən və ya keçməməkdən ibarət olsaydı, biz şagirdlər görən korlar, hər şeyi bilən amma heç nə edə bilməyən insanlar olardıq.. Bir kitabda oxumuşdum ki, insan bütün ömrünü yaxşı bir müəllim axtarışına sərf etsə belə yeri  var.  Müəllim insan həyatının ən vacib hissələrində ömürlük izlər qoyur. O təkcə kitablarda yazılanları öyrətmir, kor qəlblərə , gözlərə işıq tutur. “Əsl müəllim kimdir?” sualının cavabı isə həmin müəllimlərin dərs keçdiyi, qəlblərinə yol tapdığı şagirdlərinin sözlərində, gözlərindədir.

5 Oktyabr Müəllimlər Günü münasibəti ilə bu adı şərəflə daşıyan,  aydın yolda  gələcəyin qurucuları, düşünən beyinlərin memarı olan bütün müəllimləri təbrik edirəm. 


Elvira Allahverdiyeva, Sabirabad ş. “2 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi".

ABŞ hərəkətə keçdi - Raketləri Rusiyanı BOMBALAYACAQ
Son xəbərlərDaha çox