Azedu.az

Cəbrayıl şəhərində Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Xəbərlər

Şərqi Zəngəzur Regional Təhsil İdarəsi

4 Oktyabr 2025, 17:30
Cəbrayıl şəhərində Beynəlxalq Müəllimlər Günü qeyd olunub

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Cəbrayıl şəhərində tədbir keçirilib.

Tədbirdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin əməkdaşları, sektor müdirləri, idarə əməkdaşları, məktəb direktorları və müəllimlər iştirak ediblər.

AzEdu.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ölməz və əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən idarə müdiri Fuad Bədəlov müəllimləri təbrik edərək qeyd edib ki, ölkəmizdə müəllimlər daim dövlət qayğısı ilə əhatə olunurlar və onların əməyinin yüksək qiymətləndirilməsi təhsilin keyfiyyətinə, yeni nəslin sağlam və bilikli yetişməsinə mühüm töhfə verir. O, həmçinin işğaldan azad olunmuş ərazilərdə təhsilin inkişafında müəllimlərin fədakarlığını xüsusi vurğulayıb.

Daha sonra Prezidentin Xüsusi Nümayəndəliyinin əməkdaşları çıxış edərək müəllimləri peşə bayramı münasibətilə təbrik edib, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıblar.

Tədbirdə çıxış edən qabaqcıl müəllimlər isə təhsilin inkişafında dövlətin yaratdığı imkanlardan, məktəblərdə əldə olunan nailiyyətlərdən söz açaraq göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Tədbir çərçivəsində təhsil sahəsində yüksək nailiyyətləri ilə seçilən direktorlar və müəllimlər təltif olunublar.

Sonda tədbir bədii hissə ilə davam etdirilib. Məktəblilərin ifasında musiqi nömrələri, şeirlər və ədəbi-bədii kompozisiyalar təqdim olunub, müəllimlərə həsr olunmuş çıxışlar tədbirə xüsusi rəng qatıb.

ABŞ hərəkətə keçdi - Raketləri Rusiyanı BOMBALAYACAQ
Son xəbərlərDaha çox