“Biz bilirik ki, yaşadığımız dövr sürətli dəyişikliklər dövrüdür. Yeni texnologiyalar, süni intellekt, rəqəmsallaşma, iqlim dəyişiklikləri kimi qlobal çağırışlar artıq təhsildə də yeni yanaşmaların formalaşmasını zəruri edir”.
AzEdu.az xəbər verir ki, bunu bu gün elm və təhsil nazirinin müavini İdris İsayev Bakı Slavyan Universitetdə keçirilən “Təhsildə yeni cağırışlar” adlı VI Beynəlxalq Forumda deyib.
O bildirib ki, gənclərimiz bu çağırışlara uyğun olaraq yeni bilik və bacarıqlara yiyələnməlidirlər: “Məhz bu səbəbdən onlardan rəqəmsal bacarıqlar, təhlil və çeviklik, komanda işi, yaradıcılıq və digər 21-ci əsr bacarıqları tələb olunur. Hazırda ölkəmizdə də digər dövlətlərdə olduğu kimi, rəqəmsal iqtisadiyyatın qurulması, yeni texnologiyaların tətbiqi, iqlim dəyişikliklərinin təsirinin azaldılması, ətraf mühitin qorunması və qida təhlükəsizliyi məsələlərinə ciddi diqqət yetirilir. Lakin unutmamalıyıq ki, bütün bu istiqamətlərdə uğurlu nəticələr əldə etmək üçün bizim gənclərimizdən bu yeni bacarıqlar tələb olunur”.