“Hamımız yaxşı bilirik ki, təhsil cəmiyyətimizin inkişafında əsas rol oynayır. Heç də təsadüfi deyil ki, BMT tərəfindən qəbul olunmuş Davamlı İnkişaf Məqsədlərindən biri də məhz hamı üçün inklüziv və keyfiyyətli təhsilin təmin olunması, hər kəs üçün davamlı öyrənmə imkanlarının təşviq edilməsidir”.
AzEdu.az xəbər verir ki, bunu bu gün elm və təhsil nazirinin müavini İdris İsayev Bakı Slavyan Universitetində keçirilən “Təhsildə yeni çağırışlar” adlı VI Beynəlxalq Forumda deyib.
Onun sözlərinə görə, bu da təsadüfi deyil ki, Azərbaycanın sosial-iqtisadi inkişafının 5 əsas istiqamətindən biri rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasıdır: “Çünki təhsil hər bir dövlətin iqtisadi gücünün formalaşmasında, əhalinin sosial rifahının təmin olunmasında, milli-mədəni dəyərlərin qorunub saxlanılmasında mühüm rol oynayır. Hansı ölkədə təhsilə diqqət və qayğı göstərilirsə, insan kapitalına investisiya yatırılırsa, həmin ölkə inkişaf edir. Belə ölkələrdən biri də, şübhəsiz ki, Azərbaycandır”.