Azedu.az

Cəbrayıla qayıdış həyatımın ən böyük mükafatı oldu - Doğma torpağında dərs deyən müəllim

Xəbərlər

Şərqi Zəngəzur Regional Təhsil İdarəsi

4 Oktyabr 2025, 10:35
Cəbrayıla qayıdış həyatımın ən böyük mükafatı oldu - Doğma torpağında dərs deyən müəllim

4 oktyabr tarixində bizlər üçün xüsusi önəm kəsb edən, böyük qürur və sevinc hissi ilə qeyd olunan Cəbrayıl şəhər günüdür.

Belə ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Cəbrayıl şəhərini işğaldan azad edərək torpaqlarımızın suverenliyini bərpa edib. Bu zəfər təkcə torpaq itkisini deyil, illərlə çəkilən həsrətin, nisgilin də sonu oldu.

AzEdu.az bu əlamətdar günlə bağlı Cəbrayıllı müəllim Azadə Quliyeva ilə həmsöhbət olub.

O, Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbində biologiya müəllimi kimi fəaliyyətini davam etdirir.

-Azadə müəllim, sizi ilk növbədə bu gözəl gün münasibətilə təbrik edirik. Sizi oxucularımıza daha yaxından tanıtmaq istərdik.

-Təşəkkür edirəm. Mən Quliyeva Azadə İsmayıl qızı, 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. Orta təhsilimi Sumqayıtda almışam. 2014-cü ildə GDU-nun biologiya fakültəsini bitirmişəm. 9 illik pedaqoji təcrübəm var.

Hazırda Böyük Qayıdışla əlaqədar 1-ci Dövlət Proqramına əsasən, 32 ildən sonra Cəbrayıl şəhərində öz fəaliyyətini bərpa etmiş Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbində pedaqoji fəaliyyətimi biologiya müəllimi olaraq davam etdirirəm.

-İllər sonra doğma torpaqda fəaliyyət göstərmək sizcə, necə bir hissdir?

-Bu, çox qürurverici hissdir, həm də çox məsuliyyətlidir. Keçən il Cəbrayıl şəhər gününü media vasitəsilə izlədim və təəssüfləndim ki, bizi tez köçürmədilər. “Kaş, mən də orada olardım” deyirdim.

Amma şükürlər olsun ki, bu səhər artıq şəxsən özüm də iştirak edəcəm. Könüllü şəkildə Böyük Qayıdışda iştirak etmişik və ailəmlə birgə məskunlaşmışıq. Əslən valideynlərim Cəbrayıl rayonunun Şahvəlli kəndindəndirlər. Yoldaşım isə Cəbrayıl şəhər sakini olub. Həmişə buraları görmək, danışılan yerlərdə olmaq xəyalım olub.

Düzdür, bu gün bizə qismət oldu, çox heyif ki, çox böyük dağıntılarla, uçuq-sökük evlərlə, neçə-neçə şəhid və qazilərimizlə (köks ötürür)…

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.

169373

-Azadə müəllim, Cəbrayıla ilk səfəriniz nə zaman baş tutub?

-Cəbrayıl şəhərinə ilk səfərim 2020-ci ilin yay aylarında baş tutdu. Yollar darmadağın, tərk edilmiş bir şəhər vardı, sanki…

Elə ilk gəlişimdə mən anladım ki, burda olmalıyam. Elə bil, burada doğulub boya-başa çatmışam. Düzdür, yaşamağa şərait olmasa da həmin vaxt, amma təmiz havası, saf suyu olan bu torpaq mənim əslimin, nəslimin torpağıdır.

Çox maraqlı hisslərdir, həqiqətən. Bizim üçün təhsil həmişə ən vacib məsələlərdən biri olub. Gənclərin təhsilinə, dünyagörüşünə maraqlı olmuşam. Yeniliklərə açıq biri olaraq, həmişə axtarışda olmuşam.

Maraqlı təcrübələri, məlumatları şagirdlərimlə bölüşməyə çalışıram. Bir yerdə axtarışda olmaq bir başqa maraqlıdır. Belə olduğu halda, şagirdlər hər yaşda öyrənmənin mümkün olduğunu anlayır.

Təhsilimizin inkişafı üçün əlimdən gələn, gücüm çatan qədər onlara dəstək olmağa hazıram. Hansı peşədə çalışmasından asılı olmayaraq, onlar həmişə mənim üçün dəyərli olacaqlar.

169375-Bu gün Cəbrayıla baxanda nə hiss edirsiniz və gələcək nəsillər üçün necə bir Cəbrayıl arzulayırsınız?

-Bu gün artıq Cəbrayıla baxanda, 2020-ci ildə gördüyüm ilk Cəbrayılın 2024-cü ildə bu qədər dəyişəcəyini doğrusu gözləmirdim. Deməli, biz nə qədər çox və israrlı istəsək, hər şeyi əldə edə bilərik. Hər şeyi yenidən qurduq və əl-ələ verib Cəbrayıla yeni nəfəs verdik.

Bu o deməkdir ki, həm də artıq bir neçə ilə yaşayış massivlərinin sayı daha da artacaq, insanlar öz ata-baba yurduna tezliklə qayıdacaq. Yenidən hamı öz yurdunda xoşbəxt yaşayacaq.

Xalqımızın birliyi və Ali Baş Komandanın “dəmir yumruğu” bu səadətimizi əbədi etsin, inşallah.

169374-Cəbrayıllı gənclərə təhsildə uğur qazanmaq üçün nə tövsiyə edərdiniz?

-Həqiqətən, Vətənini sevən, ilk qayıdışda Vətəninə qayıdan o insanlar bizik – əziz şagirdlər, hörmətli həmkarlar. Bundan sonra yalnız torpaqlarımızın çiçəklənməsinə çalışaq.

Yaşasın Azərbaycan! Yaşasın Cəbrayıl! Var olsun Azərbaycan əsgəri!
 

ABŞ hərəkətə keçdi - Raketləri Rusiyanı BOMBALAYACAQ
Son xəbərlərDaha çox