Sabah, 5 oktyabr – Müəllimlər Günüdür. Hər il olduğu kimi, bu dəfə də müəllimlərə alınan hədiyyələr mövzusu yenidən gündəmdədir. Cəmiyyətdə isə belə günlərdə müəllimlərə qarşı bəzən haqsız və aqressiv münasibətin şahidi oluruq.
Halbuki, əksər hallarda müəllimlərin hər hansı hədiyyə tələbi olmur. Bu, tamamilə şagirdlərin və ya valideynlərin öz təşəbbüsü ilə edilir.
Bəs cəmiyyətin bu cür münasibətinin, xüsusən də aqressiyasının səbəbi nədir?
AzEdu.az-a mövzu ilə bağlı “İlin gənc müəllimi” müsabiqəsinin qalibi Xəzri Muradov danışıb.
O bildirib ki, öz dili ilə hədiyyə tələb edən “müəllimlər” təsadüf nəticəsində bu peşəyə düşənlərdir:
“Müəllimlərə hədiyyə vermək heç vaxt onların tələb etdiyi məsələ olmamışdır. Əksinə, bu, şagirdlərin və valideynlərin minnətdarlıq jestidir. Müəllimlərə qarşı aqressiv münasibətin kökündə yanlış təsəvvürlər dayanır. Bu isə cəmiyyətin bəzi nümayəndələrinin “müəllim” sözünün əsl mənasını anlamamasından irəli gəlir. Təəssüf ki, bütün bəlaları müəllimdə görmək vərdişi sonda onlara qarşı aqressiyanın formalaşmasına səbəb olub”.
Əsl müəllimin heç kimin hədiyyəsinə, şirinliyinə və puluna ehtiyacı yoxdur:
“Valideynin verdiyi hədiyyə sadəcə onun müəllimə olan hörmət və dəyərinin göstəricisidir, bu heç vaxt müəllimi varlandırmayacaq. Təbii ki, bu sözlər fədakar, millətin gələcəyini düşünən əsl müəllimlərə aiddir. Öz dili ilə hədiyyə tələb edən “müəllimlər” isə təsadüf nəticəsində bu peşəyə düşənlərdir.
Müəllim üçün ən böyük hədiyyə şagirdinin uğuru, savadı və mədəniyyətidir. Müəllim cəmiyyətə əxlaqlı bir şagird yetişdirirsə, bu, bir dünya qurmağa bərabərdir. Təəssüf ki, bəzən insanlar müəllimlərə haqsız yanaşır, hədiyyə məsələsini yanlış tərəfdən şərh edirlər. Bu isə bütövlükdə cəmiyyətdə müəllimə qarşı hörmətsizliyin yaranmasına gətirib çıxarır”.
Müəllim bizim gələcəyimizi quran memardır:
“Unutmayaq ki, aqressiv münasibət əslində müəllimin yox, bütövlükdə cəmiyyətin gələcəyinə və dəyərlərinə zərbə vurur. Müəllimlik sadəcə peşə deyil, fədakarlıq və gələcək naminə özünü fəda etməkdir. Ona görə də belə günlərdə müəllimlərə təşəkkür etmək hər birimizin borcudur. Kimisi bunu sözlə, kimisi diqqətlə, kimisi də hədiyyə ilə edir. Bu, məcburiyyət deyil, vicdan məsələsidir.
Müəllim bizim gələcəyimizi quran memardır. Bu cümləni sadəcə əzbərləmək yox, gələcəyin memarlarına hər zaman hörmətlə yanaşmaq lazımdır”.