Azedu.az

Məktəbli forması sosial bərabərliyi qoruyurmu?

Xəbərlər

Şagirdlər

3 Oktyabr 2025, 16:58
Məktəbli forması sosial bərabərliyi qoruyurmu?

Əgər forma məsələsi düzgün izah və idarə olunarsa, bu, şagirdin təhsil prosesinə əlavə yük yox, dəstək ola bilər

Bu sözləri AzEdu.az-a  Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli söyləyib.

O, qeyd edib ki, məktəb forması, ilk növbədə, intizam və nizam anlayışının bir rəmzidir:

"Məktəbli formasının vacibliyi məsələsini yalnız geyim prizmasından yox, həm də təhsilin fəlsəfəsi və sosial-mədəni tərəfləri kontekstində izah etmək lazımdır. Məktəb forması, ilk növbədə, intizam və nizam anlayışının bir rəmzidir. Şagird məktəbə daxil olduğu andan özünü xüsusi bir mühitdə hiss etməlidir. Məktəb forması bu mühitin həm simvolik, həm də praktiki göstəricisidir. Yəni uşaq bu geyimlə dərs prosesinə psixoloji baxımdan hazır olur, məktəb mühitinə uyğunlaşır və müəyyən davranış çərçivələrini qəbul edir.

Digər tərəfdən, məktəbli forması sosial bərabərlik prinsipini dəstəkləyən mühüm bir amildir. Cəmiyyətimizdə ailələrin maddi imkanları fərqlidir və bu fərq şagirdlərin geyimində açıq şəkildə hiss olunarsa, təhsil prosesində müəyyən komplekslər, özünüqiymətləndirmə problemləri və hətta təcridolma halları yarana bilər. Məktəb forması bu fərqləri müəyyən qədər neytrallaşdırır və sinif otağında diqqəti xarici görünüşdən bilik və bacarıqlara yönəldir. Bu, sosial psixologiya baxımından da mühüm məsələdir".

Universitet isə daha sərbəst mühitdir və orada gənclərin müstəqil şəxsiyyət kimi cəmiyyətə inteqrasiya prosesi başlayır:

"Universitetlərə gəldikdə isə, burada yaş faktoru və təhsil mərhələsinin xarakteri ön plana çıxır. Məktəb dövründə şagirdlərin şəxsiyyət formalaşması prosesi hələ davam edir və onlar müəyyən intizam qaydalarına uyğunlaşdırılmağa ehtiyac duyurlar. Universitet isə daha sərbəst mühitdir və orada gənclərin müstəqil şəxsiyyət kimi cəmiyyətə inteqrasiya prosesi başlayır. Bu səbəbdən, ali təhsil müəssisələrində məcburi forma tətbiq olunmur. Amma yenə də bəzi universitetlərdə müəyyən dress-code anlayışına diqqət edilir, xüsusilə də müəllimlik, tibb və ya hüquq kimi peşələrə hazırlıq prosesində geyim mədəniyyəti vacib hesab olunur.

Yekun olaraq qeyd edim ki, məktəbli forması bilik məsələsini arxa plana atmır. Əksinə, onun mahiyyəti elə bilik və bacarıqların daha sağlam mühitdə formalaşmasına xidmət edir. Əgər forma məsələsi düzgün izah və idarə olunarsa, bu, şagirdin təhsil prosesinə əlavə yük yox, dəstək ola bilər".

ABŞ hərəkətə keçdi - Raketləri Rusiyanı BOMBALAYACAQ
Son xəbərlərDaha çox