5 Oktyabr - Müəllimlər Günü təkcə bizə dərs deyənləri deyil, həm də məktəb həyatımıza ilk addımı atdığımız, əlimizdən tutub yazmağı, oxumağı öyrədən ilk müəllimləri xatırladır.
İlk dəfə parta arxasında əyləşdiyimiz, “müəllim” sözünün mənasını dərk etdiyimiz günlərə geri dönürük. O illərin istiliyi, müəllim baxışının sirayətedici mehribanlığı və səsinin yaddaşımızda buraxdığı iz unudulmur. İllər keçsə də, ilk müəllimin adı ürəkdə qalır.
AzEdu.az bu münasibətlə soruşub: İlk müəlliminizi necə xatırlayırsınız? Adlı yazı hazırlayıb:
Onlar ilk müəllimlərini belə xatırlayır…
Milli Məclisin deputatı Günay Ağamalı 5 Oktyabr - Müəllimlər Günü münasibətilə bütün müəllimləri səmimi qəlbdən təbrik edib. O, müəllimlərin həyatımızdakı rolundan və öz ilk müəllimindən danışıb:
“Müəllim insan həyatında ən əziz və unudulmaz insanlardan biridir. Hər birimizin yaddaşında ilk müəllimimiz xüsusi yer tutur. Mənim ilk müəllimim Tahirə müəllim olub. Onu hər zaman böyük sevgi və minnətdarlıqla xatırlayıram. Tahirə xanım bizə yazıb-oxumağı öyrədərkən eyni zamanda dünyaya baxışımızın formalaşmasına, insani keyfiyyətlərimizin inkişafına böyük təsir göstərdi. Onun qayğısı, səbr və diqqəti sayəsində məktəb həyatına alışmaq bizim üçün daha asan və maraqlı oldu.
Müəllim peşəsi müqəddəsdir. Gələcəyin formalaşmasında, gənc nəslin vətənpərvər, savadlı və əxlaqlı yetişməsində müəllimlərin rolu misilsizdir. Biz bu gün cəmiyyətimizdə qazandığımız uğurlara görə valideynlərimizlə bərabər, həm də müəllimlərimizə borcluyuq.
Bir daha bütün müəllimlərimizi ürəkdən təbrik edir, onlara möhkəm can sağlığı, xoşbəxtlik və şərəfli peşələrində uğurlar diləyirəm".
Təhsil eksperti Ramin Nurəliyev ilk müəllimini belə xatırlayır:
"Fürsətdən istifadə edərək 5 Oktyabr - Müəllimlər Günü münasibətilə bütün müəllimlərimizi, şagirdlərə elm öyrədən, onlara tərbiyə verən, qayğısına qalan müəllimləri ürəkdən təbrik edirəm. Hər bir müəllimə çətin və şərəfli yolunda uğurlar arzulayıram.
İlk müəllimimiz haqqında danışarkən isə mənim ağlıma dərhal Rəşid müəllim gəlir. O, ibtidai sinif müəllimim olub və həm elmi bilikləri, həm də tərbiyəni, insanlarla davranış qaydasını bizə aşılayıb. Həyatımızın təməlini qoyan, məktəb həyatını qorxulu yox, sevgi və elm ocağına çevirən Rəşid müəllim, pedaqoji baxımdan həqiqətən nümunəvi bir insan idi.
Bizim sinifimiz ABC sinifi idi – ideal və oxuyan bir sinif. Masallı rayon Ə.Bəylərbəyov adına Xıl kənd tam orta məktəbindən ali məktəbə qəbul olanlardan biri olmuşam. Bu uğurun təməlini qoyan isə ibtidai sinifdə Rəşid müəllim idi. O, bizə biliyi, öyrənməyi və vətənpərvərlik ruhunu sevdirib.
Çox təəssüf ki, üç il əvvəl Rəşid müəllim haqqın rəhmətinə qovuşdu. Bu xəbər mənim üçün ağır oldu. Hər rayona, kəndə gedəndə onunla görüşmək, hər məclisdə ona baş çəkmək mənim üçün adət halına çevrilmişdi. O, həm bilik, həm tərbiyə baxımından bizə nümunə idi və bu səbəbdən bütün şagirdləri onu çox sevirdi.
Bu fürsətdən istifadə edib ona Allahdan rəhmət diləyirəm. Rəşid müəllimin əməklərini və bizə verdiyi dəyərləri heç vaxt unutmayacağam".
“Əlimdən tutub mənə "Ana", "Vətən" yazmağı öyrətmişdi”.
Füzuli rayonu Qarabağ kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, direktor, “İlin gənc müəllimi” Əlihüseyn Yaqubov ilk müəllimini belə xatırlayır:
“İlk müəllimimi xatırlayarkən 31 il əvvələ dönürəm. Müharibə müvəqqəti dayanmışdı və yeni salınan kəndimizdə ilk məktəb açılmışdı. Sinif otağına həyəcanla girirdim. Həyatı dərk etməyən mən göz yaşlarımı saxlamaqda çətinlik çəkirdim və bir neçə gün ağlamışdım da.
Sonra Qızxanım müəllimlə tanış oldum. Əlimdən tutub mənə "Ana", "Vətən" kəlməsini yazmağı öyrədən Qızxanım müəllim məktəbi mənə sevdirdi. Daha məktəbə getmək üçün tələsirdim. Yadımdadır ki, 1-ci sinifdə bir dəfə də məktəbdən qalmamışdım.
Bu xatirələrdən çıxardığım dərs odur ki, uşaqlara fərqli, sevgi dolu münasibət göstərilsə, məktəbə maraqları artır. 1-ci sinif müəllimlərinə tövsiyəm budur: uşaqlara özünüzü sevdirin. Uşaqlar müəllimdən gördükləri sevgini evlərinə də daşıyırlar. Körpəlikdə yaxşı bir müəllimlə tanış olmaq, bir insan üçün əsl şansdır!”.