Azedu.az

Müəllimlər yalnız dərs deyil, həyat öyrədir...

Xəbərlər

3 Oktyabr 2025, 15:38
Müəllimlər yalnız dərs deyil, həyat öyrədir...

Hər il 5 oktyabr tarixində dünya ölkələrinin əksəriyyətində, o cümlədən Azərbaycanda Beynəlxalq Müəllimlər Günü qeyd olunur. Bu tarixin təsis olunması 1994-cü ildə UNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə qəbul etdiyi qərarla bağlıdır. Həmin qərara əsasən, müəllimlik peşəsinin ictimai dəyərinin artırılması, müəllimlərin sosial statusunun yüksəldilməsi, onların peşə fəaliyyətində qarşılaşdıqları çətinliklərə diqqət yönəldilməsi məqsədi ilə 5 oktyabr beynəlxalq səviyyədə qeyd olunmağa başlanmışdır.

Müəllimlik peşəsi tarixən cəmiyyətin inkişafında həlledici rol oynamışdır. İnsan sivilizasiyasının formalaşmasında və biliklərin nəsildən-nəslə ötürülməsində müəllimlərin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Müəllimlər yalnız tədris prosesinin təşkilatçıları deyil, həm də sosial-mədəni dəyərlərin daşıyıcıları və ötürücüləridir. Bu baxımdan, müəllimlik peşəsi sırf əmək fəaliyyətindən ibarət olmayıb, həm də ictimai missiya daşıyan bir sahə kimi qiymətləndirilir.

Müəllimlərin məsuliyyət dairəsi yalnız fənn biliklərinin şagirdlərə çatdırılması ilə məhdudlaşmır. Onların əsas vəzifələrindən biri şagirdlərin şəxsiyyət kimi formalaşmasına təsir göstərmək, onların intellektual, mənəvi və sosial inkişafını təmin etməkdir. Müəllim eyni zamanda cəmiyyətin gələcək intellektual potensialını yaradan başlıca amildir. Təhsil prosesində müəllimin verdiyi biliklər və yönləndirdiyi dəyərlər uzunmüddətli sosial nəticələr doğurur. Buna görə də müəllimlik yüksək səviyyədə məsuliyyət və peşəkarlıq tələb edən bir fəaliyyət sahəsi kimi dəyərləndirilir.

Şagirdlərin həyatında müəllimlərin təsiri çoxşaxəlidir. Müəllim yalnız akademik biliklər ötürən tərəf deyil, həm də sosial davranışların formalaşdırıcısıdır. Onun şəxsiyyəti, davranış tərzi, etik prinsipləri şagirdlər üçün nümunə xarakteri daşıyır. Elmi ədəbiyyatda qeyd olunur ki, müəllim amili uşaqların psixososial inkişafında əsas stimullaşdırıcı faktor kimi çıxış edir. Bu isə müəllimin pedaqoji fəaliyyətini sırf tədris fəaliyyəti çərçivəsindən çıxararaq onu ümumi sosiallaşma prosesinin aparıcı qüvvəsinə çevirir.

Müasir dövrdə müəllimlərin sosial statusu və peşə nüfuzunun qorunması xüsusi aktuallıq kəsb edir. Cəmiyyətin inkişaf səviyyəsi ilə müəllimlik peşəsinə olan münasibət arasında birbaşa bağlılıq mövcuddur. Müəllimə hörmətin azalması təhsilin keyfiyyətinə, nəticə etibarilə isə ümumi sosial tərəqqiyə mənfi təsir göstərə bilər. Bu səbəbdən müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi, onların əməyinin layiqincə qiymətləndirilməsi, pedaqoji fəaliyyət üçün optimal şəraitin yaradılması dövlət və cəmiyyət qarşısında mühüm vəzifə kimi müəyyən olunur.

Nəticə etibarilə qeyd etmək olar ki, Beynəlxalq Müəllimlər Günü yalnız təqvimdə rəmzi bir tarix deyil, həm də müəllimlik peşəsinin ictimai əhəmiyyətinin bir daha xatırladılması baxımından mühüm ideoloji hadisədir. Müəllimlər insan kapitalının formalaşmasının əsas təminatçısı olmaqla yanaşı, həm də milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsində aparıcı rol oynayırlar. Bu baxımdan, müəllimlərin fəaliyyəti təkcə təhsil sahəsinin deyil, bütövlükdə cəmiyyətin inkişaf strategiyasının ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Örnək müəllim, Samux rayon E.İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İlahə Hüseynova

ABŞ hərəkətə keçdi - Raketləri Rusiyanı BOMBALAYACAQ
Son xəbərlərDaha çox