Müəllim insana yalnız oxumağı yox, yaşamı öyrədən insandır. Bəzən bir baxışıyla, bir cümləsiylə illərlə unudulmayan izlər buraxır. Onun sinfi dərs yeri deyil, sevgi, anlayış və dəstəyin olduğu ikinci ev olur. Hər birimizin həyatında iz qoymuş bir müəllim var. İllər keçsə də, adı çəkiləndə içimizi isidən biri…
5 Oktyabr - Müəllimlər Günü münasibətilə AzEdu.az bir vaxtlar parta arxasında əyləşmiş, bu gün isə artıq müəllim kimi fəaliyyət göstərən Bakı şəhəri 44 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, beynəlxalq dərəcəli təlimçi, "İlin gənc müəllimi" müsabiqəsinin qalibi Təranə Nuriyevanın ilk müəllimi ilə bağlı təəssüratlarını öyrənib.
"Hər birimizin həyatında ilk müəllimin yeri tamam başqadır. O, bizə yalnız hərfi, rəqəmi öyrətmirdi – həyatın ilk dərslərini, qaydaları, mehribanlığı və qayğını da öyrədirdi. İlk müəllim uşağın yaddaşında həm müəllim, həm də ikinci ana-ata kimi qalır.
İlk müəllimimlə bağlı xatirələrim məni həm kövrəldir, həm də bir müəllim kimi daim qürurlandırır. Mən Naxçıvan Muxtar Respublikası, Ordubad şəhər 3 nömrəli tam orta məktəbində təhsilə başlamışam. İlk məktəblə tanışlığımın, ilk təlim ocağına atdığım addımların səbəbkarı məhz ibtidai sinif müəlliməm olmuşdur. Tamella müəllimə mənim ibtidai sinif müəlliməm olmaqla yanaşı mənə "müəllimlik" peşəsini sevdirən şəxslərdən biridir.
Atam məni ilk dəfə məktəblə tanış edəndə təsadüfi deyildi ki, özünə dərs deyən, ilk dəfə "ana" yazmağı ona öyrədən şəxsə məni etibar etmişdi. Atam hər dəfə fəxrlə: "Mənim müəllimim artıq sənə də dərs deyəcək!". deyəndə yaşadığı sevinc hissini sizlərə sözlə ifadə edə bilmərəm.
Heç yadımdan çıxmaz bir dəfə yoldaşımız yemək gətirməyi unutmuşdu. Həqiqətən də məyus olmuş vəziyyətdə ətrafına nəzər yetirib sakitcə oturmuşdu. Mən də ucaboylu olduğum üçün arxada əyləşdiyimdən sinfi müşahidə edə bilirdim. Müəlliməm dedi: "Bu gün yoldaşınız ola bilər ki, yemək gətirməyi unudub. Sabah bu halı siz də yaşaya bilərsiniz. Gəlin biz bu gün onu qonaq edək. Nə vaxtsa biz də onun qonağı olarıq." Hamımız gətirdiyimiz yeməkdən bir parça yoldaşımızın qarşısına qoymuşduq. O an əslində müəllim bizə empatiya qurmağı öyrədirmiş. İndi fikirləşəndə deyirəm necə böyük ürəyə sahib olub. İstəməzdi ki, birimiz kənarda qalaq, birimiz inciyək, birimiz pis olaq...
Düzdür, əlaçı şagird olmamışam. Amma hər anam valideyn iclasından çıxanda "Sənin müsbət keyfiyyətlərin və davranışınla nümunəvi olmağın məni sevindirir" cümləsi həmişə üzümdə təbəssüm yaradıb. Biz də şagirdləri olaraq çalışırdıq ki, Tamella müəlliməni incitməyək.
Hələ birinci sinfə təzə başlamışdıq. Atası rəhmətə getmiş sinif yoldaşımız dərsə gəlməmişdi. Bu barədə bizimlə söhbət etməyə çalışırdı. Lakin heç cür bu söhbəti başlada bilmirdi. Sadəcə bizə bunu deyə bildi: "Yoldaşınız bu gündən atası olmadan həyatına davam edəcək. Çox xahiş edirəm, uşaqlar, Təmkinə bu barədə sual verməyəsiniz. Onu incidib, ağlada bilərsiniz". Biz bunu bilib sinifdə onun xətrinə dəyməməyə çalışdıq. Əslində bu sözün ağırlığı belə onun xarici görkəmində əks olunurdu. Yüksək insani keyfiyyətləri, vətənpərvərliyi, nəcib hissləri bizə aşılayan ibtidai sinif müəlliməmi necə unuda bilərəm?
Mənim ilk müəllimim - unutmadığım və unuda bilməyəcəyim böyük bir insanlıq məktəbidir.