Bir müəllim düşünün ki, ona ilk hərfi yazmağı, əlindən tutaraq qələm tutmağı öyrədən müəllimi ilə bu gün eyni məktəbdə pedaqoji fəaliyyət göstərir...
AzEdu.az Lerik rayonu Anbu kənd tam orta məktəbində ibtidai sinif müəllimi, Örnək müəllim Gülağa Rəhmətovun ilk müəllimi ilə bağlı olan təəssüratlarını öyrənib.
"İlk müəllim obrazından danışarkən hər birimizin gözünün önündə keçmiş xatirələr canlanır. Bir anlıq o günlərə dönüş edirmiş kimi bir hiss qalxır ruhumuzda... həmin məktəb, həmin sinif, 20 nəfərə yaxın sinif yoldaşları və mən. Təbii ki, bir də ilk müəllimim.
Hər kəsin həyatında silinməz iz qoyan bir insan olur. Mənim üçün bu insan ilk müəllimimdir. Məktəbə ilk qədəm qoyduğum gün onun mehriban baxışları və qayğıkeş səsi ilə qarşılandım. O gündən etibarən məktəb mənim üçün qorxulu bir yer yox, elm və məhəbbət ocağına çevrildi.
İlk müəllimim dərsləri sadəcə öyrətməklə kifayətlənmirdi, həm də bizə yaxşı insan olmağı aşılayırdı. Mənim ilk oxuduğum şeirimi dinləyərkən gözlərindəki sevinci bu gün də xatırlayıram. Onun təşviqi, inamı və mehriban yanaşması uşaq qəlbimdə müəllim peşəsinə böyük sevgi oyatdı.
Zaman keçdi, illər bir-birini əvəz etdi. İndi mən də müəlliməm və ən gözəl hisslərimdən biri odur ki, ilk müəllimimlə eyni məktəbdə pedaqoji fəaliyyət göstərirəm. Bir vaxtlar parta arxasında ondan öyrəndiyim dərsləri indi şagirdlərimə öyrədirəm. Onunla eyni kollektivdə olmaq mənim üçün böyük qürurdur.
İlk müəllimim mənə öyrətdi ki, müəllimlik sadəcə peşə deyil, həyat missiyasıdır. Mən hər dəfə sinif otağına daxil olanda onun məni necə qarşılamasını xatırlayıram və çalışıram ki, öz şagirdlərimə də eyni qayğı ilə yanaşım.
Həyatımda müəllim adı deyildikdə ilk gözümün önünə o gəlir. Çünki ilk müəllim heç vaxt unudulmur, o insanın ömrünün işığına çevrilir.
Bu gün də bir müəllim ki, gələcək nəsillərə töhvə vermək, onların həyatına birbaşa təsir etmək, onların yaddaşında iz salmaq, onların ilk və sevimli müəllimi olmaq həqiqətən də qürurvericidir. Mən həmişə şagirdlərimin və təhsilimizin gələcəyi üçün əlimdən gələni etmişəm və edəcəyəm. Pedaqoji fəaliyyətim boyunca Ulu öndər, dahi əvəzolunmaz şəxsiyyət Heydər Əliyev dahi kəlamı olan "Mən yer üzündə müəllim adından yüksək ad tanımıram" kəlamını özümə həyat həyat devizi seçmişəm və həmişə də bu dahi kəlama, bu yüksək ada layiq olmağa çalışmışam. Mən fəxr edirəm ki, Azərbaycanlıyam və fəxr edirəm ki, Azərbaycan Xalqına, Azərbaycan təhsilinə xidmət edirəm.