Namibiyada 2026-cı ildən dövlət universitetləri və peşə təhsil mərkəzlərində təhsil tamamilə ödənişsiz olacaq. Prezident Netumbo Nandi-Ndaitwah aprelin 24-də parlamentdə çıxışı zamanı bildirib ki, təhsil haqqı və qeydiyyat ödənişləri dövlət tərəfindən tam şəkildə qarşılanacaq.
AzEdu.az xarici mənbədən aldığı məlumata əsasən xəbər verir ki, hazırda ölkədə 3 milyon nəfər əhali yaşayır və onların təxminən 2,1 milyonu 35 yaşdan aşağıdır. Təhsil haqqının ləğvi gənclər arasında işsizlik və yoxsulluqla mübarizə məqsədini daşıyır. Namibiyanın iki dövlət universiteti və yeddi peşə təhsil mərkəzi bu islahatdan faydalanacaq.
Daha əvvəl orta məktəblərdə təhsil dövlət tərəfindən təmin edilsə də, valideynlər məktəb forması, dərs ləvazimatları və yataqxana kimi əlavə xərcləri ödəməli idilər. Yeni siyasət bu xərcləri də aradan qaldırmağı hədəfləyir.
Ekspertlər bildirirlər ki, bu islahat Namibiyanın təhsil sistemində əhəmiyyətli dönüş nöqtəsidir, gənclərin təhsilə əlçatanlığını artıracaq və ölkənin iqtisadi inkişafına töhfə verəcək.