İtaliyanın dizayn və memarlıq sahəsində dünyanın ən unikal ölkələrindən biri olduğu məlumdur. Belə bir ölkənin tədqiqatçıları tərəfindən təqdim olunan praktiki bacarıqlar isə Azərbaycan təhsilinə müsbət təsir göstərəcək.
Bu fikirləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elçin Süleymanlı bildirib.
Ekspert qeyd edib ki, İtaliya-Azərbaycan Universitetinin yaradılması ölkəmizin ali təhsil sisteminin inkişafına mühüm töhfə verəcək:
"İtaliya-Azərbaycan Universitetinin açılması ali təhsil sisteminə yeni nəfəs və rəng gətirən, kifayət qədər faydalı bir hadisədir. Çünki bundan əvvəl Rusiyanın, daha sonra isə Türkiyə və Fransa universitetləri ölkəmizdə fəaliyyətə başlamışdı. İtaliya-Azərbaycan Universitetinin digər xarici ali təhsil müəssisələrindən fərqi ondadır ki, burada ilk növbədə ADA Universitetinin idarəçiliyi nəzərdə tutulur. Eyni zamanda, İtaliyanın beş aparıcı təhsil müəssisəsi bu layihəyə cəlb olunacaq.
İxtisaslara nəzər saldıqda görürük ki, bunlar Azərbaycan üçün olduqca aktual sahələrdir: kənd təsərrüfatı, qida texnologiyaları, dizayn və qida sistemləri. İtaliyanın dizayn və memarlıq sahəsində dünyanın ən önəmli ölkələrindən biri olduğu məlumdur. Belə bir ölkənin tədqiqatçıları tərəfindən təqdim olunan praktiki bacarıqlar Azərbaycan təhsilinə ciddi fayda verəcək".
Ekspert əlavə edib ki, bu əməkdaşlıq yeni deyil və iki ölkə arasında təhsil sahəsində uğurlu layihələr daha əvvəl də həyata keçirilib:
"Bir neçə il əvvəl minlərlə gənc İtaliya universitetlərində məhz bu ölkənin maliyyə dəstəyi ilə təhsil almağa göndərilmişdi. Həmin məzunların bir qismi hazırda Azərbaycanın iqtisadiyyatında və idarəetmə sistemində uğurla fəaliyyət göstərərək İtaliyada aldıqları təhsili ölkəmizdə tətbiq edirlər. Fikrimcə, İtaliya-Azərbaycan Universiteti də Azərbaycan ali təhsilinin inkişafına mühüm töhfə verəcək".