Təhsildə təkcə problemlərdən yox, onların həll yollarından da danışmalıyıq.
Bu fikiri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri söyləyib.
Müsahibimiz qeyd edib ki, unutmayaq ki, sözügedən məktəblər də, müəllimlər də bizimdir:
"Ötən günlərdə Elm və Təhsil Naziri Emin Əmrullayev bildirib ki, minimal savadlılıq tələblərini ödəyə bilməyən şagirdlərin sayı bizdə həddindən artıq yüksəkdir. Bu, doğrudur. Ümumiyyətlə, nazir istər brifinqlərdə, istərsə də digər konfranslarda sağlam və əsaslı tənqidlər səsləndirir.
Ancaq məni düşündürən məsələ budur: biz nə vaxta kimi yalnız problemdən danışmalıyıq? Artıq problemlərin həll yolları da açıq şəkildə səsləndirilməlidir. Mən Elm və Təhsil Naziri Emin Əmrullayevdən xahiş edirəm ki, istər brifinqlərdə, istər digər çıxışlarında konkret həll yollarını da təqdim etsin.
Nazirin səsləndirdiyi "Minimal savadlılıq tələblərini ödəyə bilməyən şagirdlərin sayı həddindən artıq yüksəkdir", fikri ilə razıyam. Amma sual yaranır: bu problemin həll yolları nələrdir? Nazirlik bu istiqamətdə hansı addımları atır? Nazirliyin beyin mərkəzi sayılan Təhsil İnstitutu bu sahədə hansı tədqiqatları aparıb, hansı təklifləri verib və hansı çıxış yollarını təqdim edib?".
"Biz nə qədər ancaq problem eşitməliyik?"- deyə, o qeyd edib:
“Unutmayaq ki, həmin məktəblər də, müəllimlər də bizimdir. İstər ekspertlər, istərsə də rəsmilərdən nə qədər daha problem eşitməliyik? Təhsil alan hər bir şagird və tələbə bizim gələcəyimizdir. Bəs nə vaxta qədər yalnız problemləri sadalayacağıq? Doğrudanmı, bu məsələlərin real həll yolu və tətbiq oluna biləcək mexanizmləri yoxdur?
Fikrimcə, hər bir problem yalnız öz həll yolları ilə birgə təqdim edildikdə faydalı və konstruktiv ola bilər.
Şagirdlərin minimal savadlılıq tələblərini ödəyə bilmədikləri məsələsinə gəldikdə isə, hesab edirəm ki, biz bu istiqamətdə dünya təcrübəsinə, xüsusilə Böyük Britaniya, Yaponiya, Sinqapur və Finlandiya nümunələrinə əsaslanaraq, onları milli düşüncə sistemimizə uyğun şəkildə tətbiq etməliyik. Bunun üçün strukturlaşdırılmış yanaşmalar hazırlanmalıdır. Mən sadəcə öz fikrimi bildirə bilərəm, lakin bu mexanizmlərin konkret icrası müvafiq icraedici orqanların səlahiyyətinə aiddir”.