"Bəzi valideynlər düşünürlər ki, valideynlik yalnız uşaq sahibi olmaqla yekunlaşır"
Bu fikri AzEdu.az-a açıqlamasında sosioloq Mail Yaqub qeyd edib.
Onun sözlərinə görə, təəssüflər olsun ki, bəzi valideynlər valideynliyi sadəcə bioloji bir akt kimi təsəvvür edirlər:
"Yəni düşünürlər ki, bir uşaq dünyaya gətirməklə valideyn olurlar. Vəssalam. Sanki məsuliyyətləri bununla da bitdi. "Məsuliyyətim olsa da, uşağımın yalnız maddi vəziyyətinin yaxşı olmasına cavabdehəm", kimi fikirləşənlər az deyil. Halbuki valideyn üçün övladının düzgün tərbiyəsi, zərərli hallardan uzaq durması ən böyük məsuliyyətdir. Lakin valideynlərin əksəriyyəti bunu anlamırlar. Onlar elə bilirlər ki, azyaşlı bir uşağın (istər oğlan, istərsə də qız) yüngül əxlaqsız səhnələrə baxması uşağın tərbiyəsini pozmur.
Çünki o, hələ çox azyaşlıdır. Xeyr. Qeyd edim ki, hətta 6 aylıq uşaq belə təsir qəbul edir və yaddaşına o səhnələr hopur. Yəni tədqiqatçılar bildirirlər ki, hətta 6 aylıq uşağın belə yanında valideynlər bir-biriləri ilə dalaşırsa, dedi-qodu edirsə, bunun hər birini uşaq görürsə, heç şübhəsiz ki, yaddaşında qalacaq".
Sosioloq bildirib ki, əxlaqi düşüncəsi pozulan uşağın gələcəkdə uğurlu olma şansı azalır:
“Bu da öz növbəsində həmin uşağın əxlaqına mənfi təsir göstərməyə başlayır. Ona görə də valideynlər belə məsələlərdə olduqca həssas olmalıdırlar. Ümumiyyətlə bu mövzularda iş aparılmalıdır. Hesab edirəm ki, əxlaqi düşüncəsi pozulan uşaq sonra nə qədər yüksək intellektə sahib olsa da, həmin şəxsin uğurlu biri olmaq şansı azalır. Hətta dərslərini yaxşı oxusa da, əxlaqi vəziyyəti pisdirsə, bu onun həyatına mənfi təsir edəcək. Oğlan və ya qız olmasından asılı olmayaraq uğurlu insan ola bilməyəcək. Bütün bunlar vacib məsələlərdir və mütləq diqqət ayrılmalıdır".