Əlcəzair hökuməti təhsil sistemində dil siyasətini dəyişərək Fransız dilindən İngilis dilinə keçidi sürətləndirmək qərarına gəlib. Yeni siyasətə əsasən, məktəblərdə Fransız dili üzrə dərs saatları azaldılır, İngilis dilinin payı isə artırılır. Bu addım xüsusilə ali məktəblərdə - tibbi və elmi ixtisaslarda daha qabarıq şəkildə özünü göstərir.
AzEdu.az xarici mənbədən aldığı məlumata əsasən xəbər verir ki, hökumət yaxın illərdə 30 minə yaxın ingilis dili müəlliminin hazırlanmasını planlaşdırır. Bu, ölkədə dil keçidinin uğurla həyata keçirilməsi üçün ən vacib mərhələlərdən biri hesab olunur.
Bununla yanaşı, Fransız dili hələ də gündəlik ünsiyyətdə, mediada və təhsil mübadilələrində geniş istifadə olunur. Fransız dilli qurumlar və nəşrlər fəaliyyətini davam etdirdiyi üçün keçid dövrü həm sosial, həm də mədəni baxımdan asan olmayacaq.
Mütəxəssislərin fikrincə, İngilis dilinə keçid beynəlxalq elmi əlaqələrin genişlənməsinə, gənclərin xarici universitetlərdə təhsil imkanlarının artmasına şərait yaradacaq. Lakin müəllim çatışmazlığı, dərsliklərin tərcüməsi və metodiki bazanın zəifliyi kimi problemlər yaxın müddətdə ciddi çətinliklər yarada bilər.
Ekspertlər bildirirlər ki, Fransız dilinin ölkənin tarixi və mədəni irsi ilə bağlılığı səbəbindən dəyişiklik birmənalı qarşılanmır. Cəmiyyətdə müxtəlif nəsillər arasında bu məsələyə münasibət fərqlidir.
Yeni addım Əlcəzairin təhsil siyasətində təkcə dil dəyişikliyi deyil, həm də ölkənin beynəlxalq inteqrasiyasına doğru mühüm bir istiqamət kimi qiymətləndirilir.