Azedu.az

Süni intellekt müəllimi əvəz edə bilməz, amma onun köməkçisi ola bilər

Xəbərlər

30 Sentyabr 2025, 15:03
Süni intellekt müəllimi əvəz edə bilməz, amma onun köməkçisi ola bilər

Ötən gün elm və təhsil naziri Emin Əmrullayev bildirdi ki, Azərbaycanda rəqəmsal məktəb layihəsi çərçivəsində uşaqların suallarına cavab verəcək chatbot hazırlanır.  Hazırlanacaq sistem bütün dərslikləri öyrənəcək və xüsusilə Azərbaycan tarixi, Azərbaycan dili və digər əsas fənlər üzrə şagirdlərə dəstək verəcək.
Yeni strategiyada 2027-2030-cu illər üçün təhsil proqramlarında süni intellektin tətbiqi xüsusi diqqət mərkəzində olacaq.

AzEdu.az-a mövzu ilə bağlı Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli açıqlama verib. 

Müsahibimiz qeyd edib ki, müasir şagird artıq yalnız müəllimin dediyi və ya kitabdakı mətni oxuyan deyil, texnologiya ilə iç-içə böyüyən bir nəsildir:

"Əslində süni intellektin məktəb mühitinə inteqrasiyası artıq qlobal təhsil gündəminin əsas mövzularındandır. Azərbaycanın da bu prosesdən kənarda qalmaması və “rəqəmsal məktəb” kimi təşəbbüslərlə çıxış etməsi çox müsbət tendensiyadır. Çünki müasir şagird artıq yalnız müəllimin dediyi və ya kitabdakı mətni oxuyan deyil, texnologiya ilə iç-içə böyüyən bir nəsildir. Onların marağını oyatmaq və öyrənməyə yönəltmək üçün yeni nəsil vasitələrin tətbiqi qaçılmazdır".

Bu sistemlər təkcə fakt verməklə kifayətlənməyəcək, interaktiv öyrənmə mühitini dəstəkləyəcək, şagirdi düşünməyə, axtarmağa həvəsləndirəcək:

"Müsbət tərəflərə gəldikdə, ilk növbədə bu cür chatbotlar şagirdə dərhal cavab verə bilən, hər mövzunu istənilən qədər izah etməyə hazır bir “köməkçi müəllim” rolunu oynayacaq. Şagird evdə və ya məktəbdə öyrənərkən anlamadığı hissəni dərhal soruşub cavab ala biləcək. Bu, bilik boşluqlarının azalmasına, öyrənmə prosesinin fərdiləşməsinə gətirib çıxarır. Digər mühüm tərəf isə odur ki, bu sistemlər təkcə fakt verməklə kifayətlənməyəcək, interaktiv öyrənmə mühitini dəstəkləyəcək, şagirdi düşünməyə, axtarmağa həvəsləndirəcək. Bu baxımdan şagirdlərdə özünəinam artır, tədris materiallarına maraq dərinləşir".

Amma hər yeni texnologiyada olduğu kimi, burada da risklər var:

"Ən önəmli məsələ ondan ibarətdir ki, süni intellekt heç vaxt müəllimin insan ünsiyyətini, emosional dəstəyini və pedaqoji zərifliklərini tam əvəz edə bilməz. Şagirdlər yalnız texnologiyadan cavab alaraq öyrənməyə alışsalar, yaradıcılıq, tənqidi düşüncə və kollektiv əmək bacarıqlarında zəiflik yarana bilər. Digər tərəfdən, texnologiyadan asılılıq və hazır cavab mədəniyyəti də formalaşa bilər ki, bu da uzunmüddətli perspektivdə düşünmə vərdişlərini zəiflədə bilər.

Bu layihənin uğuru əsasən iki faktordan asılı olacaq: birincisi, sistemin keyfiyyəti və etibarlılığı, yəni uşaqlara təqdim edilən cavabların düzgünlüyü, məntiqi və müasir pedaqoji yanaşmalara uyğunluğu; ikincisi isə müəllimlərin bu prosesi necə idarə etməsi. Əgər müəllimlər süni intellekti “rəqib” deyil, öz fəaliyyətlərini gücləndirən “yardımçı vasitə” kimi qəbul etsələr, onda həm şagird, həm də müəllim qazanacaq".

Süni intellektin məktəb mühitinə tətbiqi böyük imkanlar açır, amma onun düzgün balansla istifadəsi vacibdir:

"Biz bu texnologiyanı şagirdi rahatlaşdırmaq yox, bacarıqlarını inkişaf etdirmək üçün işə salmalıyıq. Əks halda texnologiya öyrətməyən, sadəcə cavab verən bir mexanizm kimi qalacaq".

Ukraynada ƏMƏLİYYAT - Krımda Rusiyaya ağır zərbə
Son xəbərlərDaha çox