Müharibənin ağır günlərində üstündə bayraq dalğalanan evlərdən biri də Tovuzda Natiq Hüseynovun qapısı oldu. O, şəhid Cavid Hüseynovun atasıdır.
Natiq Hüseynov anasız böyüdüb oğlunu. İllər keçib, oğlunu da hərbi xidmətə göndərib: “Beyləqandakı hərbi hissədə xidmət edirdi. Əsgərliyini çəkib qurtarmışdı, hətta əmri belə verilmişdi. Bir neçə günə gələcək deyirdik, hərbi xidmətdən tərxis əmrindən sonra iki aya yaxın uzandı evə qayıdışı… Sonra da belə... Müharibə başladı”.
Şəhid Cavid Hüseynov qısa həyatına qələbədən qələbəyə gedən idmançı ömrü sığışdırıb. Taekvando üzrə respublika çempionu idi: “18 yaşında gənclər arasında Azərbaycan çempionu olmuşdu. İdmandan əlavə kompüter oyunları ilə maraqlanırdı, kompüterdə müharibə oyunlarını çox sevirdi. Yaxşı at minirdi, komandirləri də tərifləyirdilər”.
Hərbi xidmətdən evinə qayıda bilməyən gənc Cavid Hüseynovun şəhidlik xəbəri atasının həyatını dəyişdirib:
“Cavid oktyabrın 31-də Xocavəndin Tuğ kəndində şəhid oldu. Minamyot mərmisi düşüb olduğu yerə. Səhər bacısı ilə danışıb, qızım deyir top səsləri gəlirdi. Oğlumun, bəlkə də, ürəyinə damıbmış, bacısına da ona görə zəng edib. Ondan sonra həyatıma əvvəlki kimi davam edə bilmədim”.
Əli hər şeydən soyuyan ata artıq bir yerdən başlamağa qərar verib və onun üçün çıxış yolu peşə təhsili olub:
“Dedim təhsil alım, əlimdə sənədim olsun. “Bitkiçilik mütəxəssisi” ixtisasını seçdim. İşsizəm, peşə təhsili alıb işləmək istəyirəm. Peşə təhsili bu yaşda ala biləcəyim ən yaxşı yoldur. Kənd təsərrüfatına da marağım var. Düşünürəm ki, bu təhsillə aldığım biliklə yaxşı iş tapa bilərəm, hətta öz təsərrüfatımı quraraq inkişaf etdirə bilərəm".
Cavidin xatirələrini yaşatmaq Hüseynovlar ailəsinin bu gün ən böyük amalına çevrilib. Şəhidin oğlunun xatirələri evin hər küncündə nəfəs alır. İndi Natiq Hüseynov peşə təhsili aldıqdan sonra oğlunun adını daim ucaldan işlər görmək istəyir. Çünki şəhid atası üçün bu yolda atılan hər addım həm Cavidin xatirəsinə ehtiram, həm də gələcək nəsillərə üçün ümid işığıdır.
"Azərbaycan müəllimi qəzeti"