"Məktəb səviyyəsində uşaqlara funksional savadlılıq – riyazi və verbal bacarıqlar, eyni zamanda fikir bildirmək, səhv etmək və səhvlərdən öyrənmək imkanı verilməlidir. Bizdə mədəniyyət olaraq səhv üçün çox az yer var",- Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev söyləyib.
Məktəbdə uşaqlara səhv etmək və səhvlərdən öyrənmək imkanı verilməməsi onların riyazi və verbal bacarıqlarına necə təsir edir?
AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Rasim Həsənzadə danışıb.
O, qeyd edib ki, uşaq səhv etməkdən qorxursa, o zaman risk almır, yeni yanaşmalar sınamır və nəticədə sadəcə mexaniki olaraq hazır cavab axtarır:
"Nazir burada çox doğru bir məqama toxunub. Doğrudan da, məktəbdə uşaqlara səhv etmək və səhvlərdən öyrənmək imkanı verilməməsi onların riyazi və verbal bacarıqlarına çox ciddi təsir göstərir. Riyaziyyat sadəcə düstur əzbərləmək və bir doğru cavab tapmaq demək deyil.Əksinə, bu fənn məntiqi təfəkkür, problem həll etmə və alternativ yollar axtarma bacarıqlarını inkişaf etdirir. Uşaq səhv etməkdən qorxursa, o zaman risk almır, yeni yanaşmalar sınamır və nəticədə sadəcə mexaniki olaraq hazır cavab axtarır. Bu isə uzunmüddətli perspektivdə onun riyazi təfəkkürünü zəiflədir".
Əgər səhv üçün yer yoxdursa, şagird susmağa üstünlük verir:
"Eyni vəziyyət verbal bacarıqlara da aiddir. Dil və ifadə qabiliyyəti inkişaf etmək üçün uşağın fikrini sərbəst söyləməsinə, arqumentlərini paylaşmasına və bəzən yanlış ifadələrdən nəticə çıxarmasına ehtiyac var. Əgər səhv üçün yer yoxdursa, şagirdlər susmağa üstünlük verirlər, öz mövqelərini müdafiə etməyi, arqumentlərlə mübahisə etməyi öyrənmirlər. Bu isə tənqidi düşüncənin qarşısını alır.
Halbuki 21-ci əsr bacarıqları: tənqidi düşüncə, yaradıcı yanaşma, ünsiyyət və əməkdaşlıq məhz belə öyrənmə prosesindən keçir. Dünyanın hər yerdə sürətlə dəyişdiyi bir dövrdə uşaqlar sadəcə hazır biliklərlə kifayətlənə bilməzlər. Onlar səhvlərini araşdırmağı, yanlış cavablardan öyrənməyi və yeni həll yolları kəşf etməyi bacarmalıdırlar. Çünki innovasiya, yaradıcılıq və problem həll etmə bacarıqları məhz sınaq-səhv yolu ilə formalaşır".
Əgər məktəbdə səhv etmək “ayıb” və ya “uğursuzluq” kimi təqdim olunursa, şagirdlər passiv öyrənənlərə çevrilir:
"Amma səhvlərin öyrənmənin təbii hissəsi kimi qəbul edildiyi mühitdə uşaqlar daha cəsarətli olur, öz fikirlərini sərbəst ifadə edir, riyazi və verbal bacarıqlarını inkişaf etdirirlər. Belə mühit gələcəyin qlobal dünyasında uğurlu olmaq üçün zəruri olan 21-ci əsr bacarıqlarının formalaşmasına şərait yaradır".