“Hazırda elə universitetlər var ki, uzun illərdir eyni proqram və eyni tədris modeli ilə fəaliyyət göstərir”.
Bu fikirləri AzEdu.az-a elm və təhsil eksperti Səbuhi Abdullayev bildirib.
Ekspertin sözlərinə görə, yeni tələblərə cavab verən ixtisasların formalaşdırılmasına ehtiyac var:
"Bəzi universitetlərin təhsil proqramlarında ciddi dəyişikliklərə ehtiyac var. Bu dəyişikliklər, əsasən, universitetlərin tədqiqat yönümlü fəaliyyət göstərməsinə və müasir çağırışlara cavab verən yeni proqram modelinə keçidinə xidmət edəcək".
Yeni proqram genişmiqyaslı bir mexanizm olacaq
"Bu mexanizm çərçivəsində yalnız proqramların yenilənməsi deyil, həm də tədris vəsaitlərinin müasir standartlara uyğunlaşdırılması, beynəlxalq və yerli dərsliklərin inteqrasiyası, dərs proqramlarının yenidən qurulması nəzərdə tutulur. Eyni zamanda, iş tələblərinə cavab verən ixtisasların formasının dəyişdirilməsi və yeni tələblərə cavab verən ixtisaslar formalaşdırılmalıdır.
Hazırda elə universitetlər var ki, uzun illərdir eyni proqram və eyni tədris modeli ilə fəaliyyət göstərir. Halbuki, 2025-ci il artıq dördüncü sənaye inqilabının dövrüdür. Süni intellektin sürətlə inkişaf etdiyi bir zamanda, təhsil proqramlarının əsaslı şəkildə yenilənməsi zəruridir. Bu dəyişikliklər həm tələbələrə rəqabət üstünlüyü qazandıracaq, həm də əmək bazarı üçün daha keyfiyyətli kadrların hazırlanmasına imkan verəcək".