Azedu.az

Psixoloq: uşaqları vaxtından əvvəl böyütmək olmaz

Xəbərlər

30 Sentyabr 2025, 12:12
Psixoloq: uşaqları vaxtından əvvəl böyütmək olmaz

Övladlarımızla münasibətdə ən böyük tərbiyə üsullarından biri onları dinləməkdir. Hətta ən kiçik yaşlarda belə uşaqlar şəxsiyyət yönümlü inkişaf dövründədirlər. Valideyn olaraq onlarla necə ünsiyyət qururuqsa, sonradan bizə də eyni münasibəti qaytarırlar.

Bu fikirləri psixoloq Aytən Ələkbərova AzEdu.az-a açıqlamasında bildirib.

169014

"Təbii ki, uşaqlar nadinclik də edə bilər. Amma əsas məqsəd onların cəmiyyətə sağlam şəkildə adaptasiya olunmasıdır. Buna görə də övladlarımızla münasibətdə çox diqqətli olmalıyıq. Bəzən valideynlər uşaqlarına kiçik yaşdan hər şeyi öyrətməyə çalışırlar. Nəticədə müəyyən yaşda uşağın qavrama qabiliyyətində problemlər yarana, əzbərçiliyə meyl arta bilər.

Məsələn, IV sinfə qədər kitabı başdan-ayağa əzbərləyən uşaqlar görmüşük. Amma bu, onların düşüncə tərzində problemlərə gətirib çıxarır. Çünki vaxtından əvvəl böyütmək olmaz, hər şey öz vaxtında və təcrübəsində olmalıdır. Uşaqlara məlumat vermək də addım-addım, maraqlı formada - nağıl və ya hekayə şəklində olmalıdır.

Uşaqlarımızı dinləmək, onlarla söhbət etmək ən təsirli tərbiyə üsuludur. Bu, ev problemlərini onlara yükləmək demək deyil. Amma sadə gündəlik işlərdə, məsələn, bazarlıq siyahısını hazırlamaqda və ya yemək bişirməyə yardımçı olmaqda onları prosesə cəlb etmək olar. Xüsusilə qız uşaqları üçün bu, anaya olan dostluq və etibarın formalaşmasına xidmət edir. “Gəlin bunu birlikdə edək” yanaşması həm güvən yaradır, həm də övladın özünəinamını artırır.

Oğlan uşaqlarında isə valideynlə münasibətlər fərqli olur. Təəssüf ki, bəzən analar oğlan övladlarına qarşı sərt yanaşır, qarşısında qalxan qoyur, daim irad tutur. Bu isə yeniyetməlik dövründə onların şəxsiyyət formalaşmasına mənfi təsir edə, hətta yanlış davranış tiplərinə yönəldə bilər.

Ən vacib məqam odur ki, uşaqları cəmiyyətə yararlı fərdlər kimi böyütmək üçün onları dinləməli, onlara güvənməli və bəzi hallarda onların fikirlərilə hesablaşmalıyıq. Belə yanaşma ilə böyüyən uşaqların inkişaf prosesi daha sağlam gedir, hətta gələcəkdə biznes və digər fəaliyyət sahələrində də daha uğurlu ola bilirlər".

Putin üçün DƏHŞƏTLİ MƏNZƏRƏ - İtkiləri 1 milyonu keçdi, yaralılar isə...
Son xəbərlərDaha çox