Müasir dövrdə uşaqların ailə mühitində böyüməsi onların sağlam psixoloji, emosional və sosial inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Təəssüf ki, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün bu imkanlar məhdud olur. Belə hallarda dövlətin həyata keçirdiyi alternativ himayə formalarından biri himayədar ailə (himayədar valideyn) sistemi ön plana çıxır. Bu sistemin əsas məqsədi valideyn qayğısından məhrum uşaqların ailə mühitində böyüməsini təmin etməkdir. Lakin hər kəs bu məsuliyyəti üzərinə götürə bilməz.
Qanunvericilik və müvafiq orqanlar tərəfindən müəyyən olunmuş konkret şərtlər var ki, yalnız bu tələblərə cavab verən şəxslər himayədar valideyn ola bilərlər.
Maraqlıdır, həmin tələblər hansılardır?
AzEdu.az-ın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən əldə etdiyi məlumata əsasən, himayədar valideyn ola bilmək üçün şəxs yetkinlik yaşına çatmış olmalı və istər qadın, istərsə də kişi cinsindən olması fərq etmədən bu hüquqa malikdir. Namizəd evli və ya subay ola bilər, lakin ən azı ümumi orta təhsilə malik olmalıdır. Onun sağlamlıq vəziyyəti qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmalı, həmçinin ağır və xüsusilə ağır cinayətlərə görə məhkumluğu olmamalıdır.
Namizəd Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxs olmalı, ailəsində adambaşına düşən orta aylıq gəlir hər bir ailə üzvü üçün müəyyən olunmuş yaşayış minimumundan az olmamalıdır. Eyni zamanda, onun yaşadığı yaşayış sahəsinin adambaşına düşən ümumi sahəsi də qanunla müəyyən edilmiş minimum yaşayış sahəsi normasından az olmamalıdır.
Himayədar valideyn olmaq yalnız yaxşı niyyətlə deyil, eyni zamanda qanunla müəyyən olunmuş tələblərə cavab verməklə mümkündür. Bu, uşağın təhlükəsizliyi və rifahını təmin etmək üçün vacibdir.