Əməkdar artist Cabir İmanov vəfat edib.
O, bu gün infarkt keçirərək dünyasını dəyişib.
AzEdu.az-ın əldə etdiyi məlumata görə, Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub.
1983-1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib. 1997-1998-ci illərdəAzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında həqiqi hərbi xidmət keçib. 1999-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub və 2003-cü ildə həmin universiteti bitirib. İxtisasları: İqtisadçı, hüquqşünas. 1999–2018-ci illərdə Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyərək, polis polkovnik-leytenantı rütbəsinə qədər yüksəlmişdir. DTX Mədəniyyət mərkəzinin rəisi olub.
1992–2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü olub 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay Kubokunun sahibi və 2000-ci ildə KVN "Əsrin Çempionu" olmuşdur.
2001-ci ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyorudur. 14 sentyabr 2015-ci il tarixdə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. 16 oktyabr 2021-ci il tarixdə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
Qeyd edək ki, onun, bu gün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirməsi haqqında Qafqazinfo məlumat verib.
Allah rəhmət eləsin.