Azedu.az

Valideynlərini itirən Xədicə: “5 ildən sonra ana qayğısını hiss etdi”

Xəbərlər

29 Sentyabr 2025, 10:54
Valideynlərini itirən Xədicə: “5 ildən sonra ana qayğısını hiss etdi”

Sentyabrın 28-də Gəncədə III MDB Oyunlarının açılış mərasimi keçirilib. Tədbirdən əvvəl Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsi zamanı Gəncəyə raket hücumları nəticəsində valideynlərini, ailə üzvlərini və yaxın qohumlarını itirmiş, həmçinin xəsarət almış uşaqlarla görüşüblər.

Görüşdə Gəncə terroru zamanı hər iki valideynini itirən Xədicə də iştirak edib.

Ermənilərin dinc əhalini hədəf alan raket hücumları zamanı Xədicə atası Röyal Şahnazarovu, anası Züleyxa Şahnazarovanı və kiçik bacısı Mədinə Şahnazarovanı itirib.

Hadisədən sonra Xədicənin gözləri 3 gün görməyib. Sonra möcüzə nəticəsində gözləri açılıb. Gözünü açanda isə ilk sözü “Anamı istəyirəm” olub...

AzEdu.az xəbər verir ki, Modern.az Xədicənin babası Nizami Şahnəzərovla həmsöhbət olub. 

O deyir ki, Xədicə Gəncədə Dünya məktəbində 3-cü sinifdə oxuyur.

"Məktəbə gedir, ondan sonra hazırlığa aparırıq. Çalışırıq fikirləri daim dərsdə olsun. Xədicənin oxuduğu məktəb özəldir, bütün xərcləri isə YAŞAT Fondu qarşılayır. Biz dövlət qayğısını tək dünən yox, həmişə hiss etmişik. Uşaqları indiyədək hər şeylə təmin ediblər"- deyə o bildirib.

“Bizə bəzən elə gəlir ki, onlar uşaqdılar, amma onların da öz dünyaları var. Xədicə görür ki, biz onun ata-anasından danışanda pis oluruq, ona görə özü də çox danışmır. O bu yaşdan bizi fikirləşir”, - Xədicənin babası əlavə edib.

Xədicənin babası sevincini gizlədə bilmir, uzun müddət sonra nəvəsini bu qədər xoşbəxt görməyin qürurunu dönə-dönə bizimlə bölüşməyə can atırdı:

“Dünən Xədicənin ürəyi dağ boyda oldu. Çox sevinirdi. Açılışdan sonra qonşular, qohumlar hamısı bizə gəlmişdi. O da fəxrlə danışırdı, çox xoşbəxt idi. Allah dövlət başçımızın, Mehriban xanımın canın sağ etsin. Dünən Mehriban xanım uşaqlar üşüməsin deyə özü onların çiyinlərinə adyal örtdü. Xədicə 5 il sonra ana qayğısını hiss etdi. Elə dünən gələndə də əsas danışdığı o oldu. Sağ olsunlar, biz onlara nə qədərə təşəkkür edək bilmirik”. 

Xatırladaq ki, Vətən müharibəsi zamanı Azərbaycanın ikinci böyük şəhəri Gəncə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. Aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 175 nəfər isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

1465488

Rusiya sərhədinə ordu yığıldı - Moskvanı buradan vuracaqlar
Son xəbərlərDaha çox