Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də - Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında iştirak edib.
AzEdu.az xəbər verir ki, İlham Əliyev Gəncə Memorial Kompleksində Ermənistanın raket hücumu zamanı hər iki valideynini itirən Nilay Əliyeva və onun babası Zahid Babazadə ilə görüşüb.
Balaca Nilay təkcə valideynlərini deyil, nənəsini də itirib.
Həmin vaxt Nilayın heç iki yaşı yox idi. Atası Adil Əliyev partlayış zamanı, Günay Əliyeva isə bir gün sonra şəhid olub.
Xatırladaq ki, Gəncə şəhəri Vətən müharibəsi zamanı - 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. Bu terror nəticəsində 26 nəfər həlak olub, 170-dən çox insan yaralanıb, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.