Azedu.az

Hazırlığa getmədən universitetə qəbul: reallıq, yoxsa mif?

Xəbərlər

25 Sentyabr 2025, 16:19
Hazırlığa getmədən universitetə qəbul: reallıq, yoxsa mif?

Artıq yeni tədris ili başlayıb. Qəbul imtahanlarına hazırlaşan abituriyentlərin bir çoxu onlayn hazırlıqlara üz tuturlar. Buna səbəb bəzən maddi vəziyyət, bəzən isə şəxsin öz seçimidir.

Belə olan halda, onlayn hazırlıq qrupları vasitəsilə ali təhsil müəssisəsinə hazırlaşan abituriyent yüksək nəticə toplaya bilərmi?

AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Elçin Murad açıqlama verib.

O qeyd edib ki, abituriyentin potensialı zəifdirsə, o, hansı formada təhsil alırsa-alsın, nəticəsi yüksək olmayacaq:

"Hazırda hazırlıqların böyük bir qismi yavaş-yavaş onlayn tədrisə yönləndirilir. Bu, həm abituriyentlərin, həm də müəllimlərin zaman baxımından müəyyən rahatlıq əldə etməsinə şərait yaradır. Onlayn tədris məsələsində hər iki tərəfin - həm öyrədən, həm də öyrənənin internet bağlantısı və digər texniki vasitələri qaydasında olmalıdır. Belə olan halda onlayn hazırlıq effektli ola bilir və nəticə baxımından həm müəllim, həm də şagird tərəfi istədiyi nəticəni əldə edə bilir.

Hazırda onlayn hazırlıq sistemində, demək olar ki, müəllimlərin hər birinin qarşısında elektron vasitələr mövcuddur. Elektron lövhə və ya kompüter üzərində açılmış lövhə vasitəsilə müəllim dərsi şagirdə izah edir, izahını vizual şəkildə təqdim edir. Eynilə sinif şəraitində olduğu kimi, nəzəri hissəni şifahi izah edir, praktiki hissəni isə ekran üzərində, lövhədə yazaraq başa sala bilir".

Ekspertin sözlərinə görə, yüksək bal toplamaq məsələsi birbaşa abituriyentin potensialından asılıdır:

"Lakin burada əsas məsələ odur ki, öyrənən tərəf, yəni şagird, öyrənməyə maraqlı olmalıdır. Yalnız görüntünü və səsi bağlayaraq, arxada “hazırlaşıram” adı ilə vaxt itirmək düzgün deyil. Əgər belə hallar baş vermirsə və müəllim şagirddən yüksək nəticə tələb edirsə, onlayn hazırlıqla da uğurlu nəticələr əldə etmək mümkündür.

Yüksək bal toplamaq məsələsi isə birbaşa abituriyentin potensialından asılıdır. Əgər abituriyentin potensialı yüksəkdirsə, oxumaq və yadda saxlamaq qabiliyyəti yaxşıdırsa, o, onlayn tədrislə də yüksək nəticə göstərə bilər. Əgər düzgün və ardıcıl şəkildə hazırlaşırsa, nəticə əldə edəcək. Yox əgər abituriyentin potensialı zəifdirsə, o, hansı formada təhsil alırsa-alsın, nəticəsi yüksək olmayacaq".

Ekspert əlavə edib ki, indiki vəziyyətdə abituriyentlərdə belə bir fikir formalaşıb ki, hazırlığa getmədən uğur qazanmaq çətindir:

"Digər bir məsələ isə öz gücü ilə universitetə qəbul olan şagirdlərlə bağlıdır. Mən öz ətrafımda, dərs dediyim abituriyentlər və ya digər şagirdlər arasında müəllimin rəhbərliyi və nəzarəti olmadan, öz gücünə hazırlaşıb uğur qazananlara şahid olmamışam. Lakin bu praktika mövcuddur. Digər bölgələrdə, məktəblərdə, müəllim yanına getmək imkanı olmayan abituriyentlər özləri hazırlaşaraq nəticə əldə edə bilirlər.

Belə nəticə əldə edən abituriyentdə ilk növbədə öyrənməyə yüksək maraq olmalıdır. İkincisi, orta məktəb müəllimlərinin verdiyi məlumatlara qarşı həssaslıq göstərməli, başa düşmədiyi və bilmədiyi məsələləri tələb edib öyrənən bir tip olmalıdır. Belə olan halda, həmin abituriyent universitetə öz gücü ilə hazırlaşıb qəbul ola bilir".

Elə abituriyentlər də var ki, orta məktəbdə təməlləri düzgün qoyulmur, istədiyi nəticəni ala bilmir:

"Amma bu cür abituriyentlər, açıq desək, yüz nəfərin içində bir-iki nəfər olur. Daha artıq olmur. İndiki vəziyyətdə abituriyentlərdə belə bir fikir formalaşıb ki, hazırlığa getmədən uğur qazanmaq çətindir. Bu düşüncə təkcə abituriyentlərdə deyil, valideynlərdə də mövcuddur.

Təbii ki, bəzi abituriyentlər olur ki, onlar qarşılarına konkret məqsəd qoyurlar. "Nə olursa olsun, oxuyacağam, öyrənəcəyəm və təhsilimi davam etdirəcəyəm”,- deyib, bu yolda əzmlə irəliləyirlər. Amma elə abituriyentlər də var ki, orta məktəbdə təməlləri düzgün qoyulmur, istədiyi nəticəni ala bilmir. Bu səbəbdən əlavə dəstəyə, yönləndirməyə ehtiyac duyur. Bu ehtiyac da onu ya fərdi müəllim yanına, ya da hazırlıq kurslarına yönəldir".

Ukraynadan DAĞIDICI ƏMƏLİYYAT - Rusiya əraziləri bombalanır
Son xəbərlərDaha çox