1-ci sinifə qədəm qoyan şagirdlər üçün dərsliklər əsasən rəngarəng şəkildə tərtib olunur. Bu isə onların marağını cəlb etmək və öyrənməyə həvəsləndirmək məqsədi daşıyır. Bu mərhələdə uşaqlar əsasən oxu, yazı və sadə riyazi anlayışlarla tanış olurlar. Lakin bəzi şagirdlər hərflərin yazılışı, səslərin düzgün tələffüzü və sadə toplama-çıxma əməliyyatlarında çətinlik çəkə bilirlər.
AzEdu.az mövzu ilə bağlı "İlin gənc müəllimi" müsabiqəsinin qalibi, ibtidai sinif müəllimi Gülağa Rəhmətov ilə həmsöhbət olub.
Müsahibimiz qeyd edib ki, dərsliklər üzərində işləmək lazımdır:
"Birinci sinif dərslikləri rəngarəng olduğuna görə şagirdlərin diqqətini çəkə bilir. Amma dərsliklərdəki materiallar şagirdlərin yaş səviyyəsinə uyğun deyil. Bir qədər çətindir. Birinci sinif Azərbaycan dili dərsliyinin əvvəlində sözlər hərflərə uyğun gəlmir. Belə ki, şagird hərfi öyrəndikcə ona aid sözlər olmalıdır. Amma dərslikdə şagirdin öyrənmədiyi hərflərin iştirak etdiyi sözlər verilib, bu da şagirdlərə çətinlik yaradır. İkinci problemli məsələ verilmiş mətnlər genişdir. Şagirdin yaş səviyyəsinə uyğun deyil. Bu da yoruculuğa səbəb olur".
“Bir neçə alternativ dərsliklər olmalıdır. Onlardan ən uyğun olan seçilib istifadə edilməlidir”.
"Biz Azərbaycan dili üzrə çətinliyi azaltmaq üçün dərsliyə bir qədər gec başlayırıq. Belə ki, proqramdan kənara çıxırıq. Əlifba üzrə 2-3 həftə iş aparırıq. Heca ilə oxumağa vaxt ayırırıq. Beləliklə, uşaq dərsliyi istifadə üçün hazır olur. Ondan sonra dərsliyi istifadə edirik. Riyaziyyat üzrə dərslik isə nisbətən fərqlidir. Bu, Azərbaycan dili dərsliyindən yaxşıdır. Ardıcılıq, uyğunluq gözlənilmişdir. Həyat bilgisi dərsliyi də uyğundur.
Ümumiyyətlə, yeni dərsliklərdə həm müsbət, həm də mənfi tərəflər çoxdur. Dərsliklər üzərində işləmək lazımdır. Mümkün qədər dərsliklərin ictimai müzakirədən sonra istifadəyə verilməsi faydalı olardı. Belə ki, bir neçə alternativ dərslik hazırlanmalı, onların içindən ən uyğun olanı seçilərək istifadə edilməlidir".