Masallıda doğuş zamanı gənc qadının ölümünə səbəb olan həkimə hökm oxunub.
AzEdu.az xəbər verir ki, Masallı rayon Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə rayon Mərkəzi Xəstəxanasının həkim-anestezoloqu 70 yaşlı Sabit Səlimova (ad şərtidir) 1 il 6 ay sınaq müddəti olmaqla, şərti cəza verilib.
Qeyd edək ki, hadisə 2024-cü ilin noyabr ayında baş verib. 29 yaşlı Elnurə Kərimli 38 həftə 2 günlük hamiləliklə Masallı rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə daxil olub. O, qarın kəsiyi ilə doğum üçün əməliyyat otağına aparılıb və orada anestezoloq tərəfindən onurğa nahiyəsindən inyeksiya edilib. Lakin əməliyyat zamanı E. Kərimli ağrını hiss etdiyi üçün təkrar preparatlarla yatızdırılıb.
Oğlan körpəsi sağlam dünyaya gəlsə də, qadının halı pisləşib və onda qıcolma yaranıb. Görülən bütün tibbi müdaxilələrə baxmayaraq, onda irəliləyiş olmayıb və o, Bakıya, Mirqasımov adına Respublika Xəstəxanasına gətirilib. Ancaq həmin xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ölümə səbəb olduqda) maddəsilə cinayət işi açılıb.