Azyaşlı uşaqlarda allergiya ilkin olaraq özünü “diatez” şəklində büruzə verir; analar bu termini daha çox belə adlandırırlar. İlk əlamətlər uşağın üzündə qızartı və şişkinlik kimi görünür, dəri qabıq verir.
Bu sözləri AzEdu.az-a pediatr Günay Rəsulova bildirib.
O qeyd edib ki, bir çox valideynlər bu əlamətlərin meydana gəlməsinə yetərincə diqqət yetirmir və onların gələcəkdə daha ciddi xəstəliklərin başlanğıcı ola biləcəyindən şübhələnmirlər:
“Uşağın həyatının ilk aylarında allergenlər - yəni uşağın orqanizmi üçün yad olan zülallar üçün ən əsas ‘görünməz gizli qapı’ mədə-bağırsaq sistemidir. Ana südündəki zülallardan başqa, istənilən qida zülalı uşaq orqanizmi üçün yad hesab edilir və potensial olaraq təhlükəli ola bilər. Hətta ən yaxşı hesab edilən süni uşaq qidaları belə ana südünü tam əvəz edə bilmir”.
Allergenlər tədricən bağırsaqlarda toplanmağa başlayır:
“Ona görə də anasının südü az olan və ya heç olmayan uşaqlarda allergiyanın inkişaf etmə riski, ana südü ilə qidalanan uşaqlara nisbətən xeyli yüksək olur. Allergiyaya meylli uşaqları vaxtından əvvəl - 5 ayından əlavə qidalarla (sıyıqlar, meyvə və tərəvəzlər və s.) qidalandırmaq daha da təhlükəlidir.
Allergenlər tədricən bağırsaqlarda toplanır. Müəyyən bir müddətdən sonra uşağın tam inkişaf etməmiş immun sistemi, hansı ki, bu sistem yalnız uşağın 5 yaşında tam formalaşır onların öhdəsindən gələ bilmir və bu zaman allergiya inkişaf edir”.