Uşaqların sosial bacarıqları - ünsiyyət, əməkdaşlıq və empatiya onların cəmiyyətə uyğunlaşması və sağlam münasibətlər qurması üçün vacibdir. Bu bacarıqların formalaşmasında oyunların rolu danılmazdır.
Bəs oyunlar uşaqların sosial inkişafına necə təsir göstərir? Hansı oyunlar bu bacarıqları gücləndirməkdə daha faydalıdır?
AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən psixoloq Aydan Məmmədova qeyd edib:
"Uşaqların sosial bacarıqlarını oyunlarla inkişaf etdirmək mümkündür. Oyun uşaqlar üçün həm təbii öyrənmə mühiti, həm də təhlükəsiz təcrübə sahəsidir. Oyun zamanı uşaqlar müxtəlif rolları sınayır, başqalarının hisslərini və baxış bucaqlarını öyrənir. Qaydalar və öz növbəsini gözləmə bacarığı onlara səbri və ədaləti öyrədir. Birgə məqsəd üçün işləmək komanda ruhunu formalaşdırır, mübahisələr zamanı isə dialoq qurma və kompromis tapmaq bacarığı inkişaf edir".
Onun sözlərinə görə, oyunlarda qaydalar sadə və uşağın yaşı ilə inkişaf səviyyəsinə uyğun olmalıdır:
"Ünsiyyət bacarığı üçün “Kimdir bu?”, “Telefon” və “Mən kiməm?” kimi oyunlar faydalıdır. Bu oyunlar uşaqların dinləmə, düzgün ifadə etmə və məlumat ötürmə bacarıqlarını gücləndirir. Əməkdaşlıq üçün LEGO ilə komanda qurmaq, “Xilasetmə missiyası” və “Xəzinə axtarışı” kimi oyunlar yaxşıdır. Bu oyunlarda uşaqlar bir məqsəd üçün birlikdə plan qurur və tapşırığı tamamlayır.
Empatiya üçün kukla teatrı, “Rolları dəyişək” və hekayə tamamlayıcı oyunlar əladır. Bu cür oyunlar uşaqlara başqasının hisslərini təqlid və ifadə etməyi öyrədir. Özünə nəzarət üçün “Stop” rəqsi və “Sakit otur” kimi oyunlar impulsivliyi azaldır və özünə nəzarəti artırır".
Psixoloq əlavə edib ki, valideyn və müəllimlər bu prosesi bir neçə üsulla dəstəkləyə bilərlər:
"Birincisi, öz davranışları ilə ünsiyyət və empatiya nümunəsi göstərməlidirlər. İkincisi, uşaq oyun zamanı paylaşma, gözləmə və yardımlaşma davranışları göstərdikdə bunu mütləq vurğulamaq lazımdır. Üçüncüsü, uşaqları kiçik qruplarda oyunlara cəlb etmək həm inamı artırır, həm də daha çox ünsiyyət yaradır. Dördüncüsü, oyun bitdikdən sonra “Necə hiss etdin?” və ya “Ən çətin hiss nə idi?” kimi suallar verərək uşağın öyrəndiyini dərk etməsinə şərait yaratmaq olar".