Azedu.az

İnflyasiya və xaricdə təhsil: dəstək artırılmalıdır

Xəbərlər

23 Sentyabr 2025, 10:39
İnflyasiya və xaricdə təhsil: dəstək artırılmalıdır

Azərbaycanın gənc nəslinə geniş imkanlar açan "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-cı illər üçün Dövlət Proqramı" artıq bir sıra mühüm uğurları ilə yadda qalıb. Bu proqram çərçivəsində minlərlə Azərbaycanlı gənc dünyanın nüfuzlu universitetlərində oxumaq imkanı qazanıb, yüksək bilik və bacarıqlar əldə edərək ölkəmizin elmi-intellektual potensialını gücləndiriblər.

Hökumətin bu sahədə həyata keçirdiyi siyasət insan kapitalının inkişafına yönələn strateji addım kimi dəyərləndirilməlidir. Son illər Elm və Təhsil Nazirliyi və Dövlət Proqramının İdarəetmə Qrupu Azərbaycanlı gənclərin təhsil üçün xaricə göndərilməsi istiqamətində böyük həcmli iş görüb. Gəncləri şəffaf və obyektiv meyarlar əsasında seçmək, onları xaricə göndərib hərtərəfli təmin etmək planlı və uzun müddətli iş tələb edir. Neft Fondundan ayrılan vəsaitlər sayəsində yüzlərlə gənc müxtəlif ixtisaslar üzrə — mühəndislikdən ictimai elmlərə qədər - dünyanın qabaqcıl ali məktəblərində təhsil alırlar. Nəticədə Azərbaycan gəncləri qlobal akademik mühitə inteqrasiya edir, əldə etdikləri təcrübə ilə ölkənin sosial-iqtisadi inkişafına töhfə verirlər. Bu baxımdan, Xaricdə Təhsil üzrə Dövlət Proqramı gələcəyimizə yönəlmiş strateji sərmayə kimi qiymətləndirilməlidir.

Lakin bu uğurlu layihənin davamlılığı üçün mühüm bir məqam diqqətdən qaçmamalıdır: Dövlət Proqramın maliyyə şərtləri illər öncə təsdiqlənib və ötən müddət ərzində dünya iqtisadi reallıqları da ciddi şəkildə dəyişib. Hazırda Qərb ölkələrində, xüsusilə də Avropada inflyasiya sürətlə artır, gündəlik xərclər isə ildən-ilə bahalaşır.

Belə ki, Dövlət Proqramı çərçivəsində, məsələn Böyük Britaniyada oxuyan tələbələrə ayda yaşam xərci üçün orta hesabla 1300–1500 funt sterlinq ödəniş edilir. Bunun böyük hissəsi — təqribən 700–800 funt — yalnız kirayə və ya yataqxana ödənişinə gedir. Qalan məbləğ isə nəqliyyat, qida, dərs vəsaitləri və digər gündəlik xərclər üçün nəzərdə tutulur. Lakin bahalaşmanın davam etdiyi indiki şəraitdə gənclərimiz bəzən ailələrinin də əlavə maliyyə dəstəyinə möhtac qalırlar. Yəqin hamı razılaşar ki, xaricdə dövlət hesabına oxuyan bizim tələbə artan xərcləri qarşılamaq üçün Bakıdakı ailəsinin ümidinə qalmamalı və yaxud oxuduğu şəhərdə paralel iş axtarmamalıdır.

Mütəxəssislərin fikrincə, vəziyyətdən çıxış yolu aydındır: Nazirlər Kabineti və Elm və Təhsil Nazirliyi proqram üzrə aylıq xərc normasına təcili şəkildə yenidən baxmalı, onu mövcud iqtisadi şərtlərə uyğunlaşdırmalıdır. İnflyasiya səviyyəsi, yaşayış xərclərinin artımı və təhsil alan ölkələrin real bazar qiymətləri nəzərə alınaraq yeni maliyyələşdirmə normaları qəbul edilməlidir. Bu, zamanın tələbidir.

Bu addım tələbələrimizin yalnız akademik uğurlarına deyil, həm də sosial rifahına zəmanət verəcək. Xaricdə təhsil alan gənclər özlərini dövlətin tam dəstəyi altında hiss etdikdə, bütün potensiallarını elmi fəaliyyətə və inkişaflarına yönəldə bilərlər.

Ümumiyyətlə, Dövlət Proqramı ölkənin uzunmüddətli inkişaf strategiyasının ayrılmaz hissəsidir. Onun dayanıqlı uğuru isə maliyyə şərtlərinin zamanın çağırışlarına uyğunlaşdırılmasından keçir. Bu sahədə atılacaq hər bir addım Azərbaycan gənclərinin daha rahat və məhsuldar təhsil almasına, nəticədə ölkəmizin gələcək inkişafına xidmət edəcək.

Bəhram Abdullayev

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox