Azedu.az

Erməni dərsliklərində Qarabağ tarixi hələ də təhrif olunur

Xəbərlər

23 Sentyabr 2025, 11:41
Erməni dərsliklərində Qarabağ tarixi hələ də təhrif olunur

2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan uzun illər işğal altında qalan Qarabağ torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa etdi. Bu qələbə regionun geosiyasi reallıqlarını dəyişdirdi və Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ kimi yadda qaldı.

Rəsmi qurumlar və təhsil müəssisələri bu qələbəni dərsliklərdə əks etdirərək gənc nəslə obyektiv tarixi biliklərin ötürülməsini təmin edir. Hazırda Azərbaycan və Ermənistan arasında “Sülh çərçivə sənədi” imzalanıb və tərəflər bunun əsasında sülh prosesini irəlilətməyi planlaşdırır.

Maraqlıdır Ermənistan bu reallıqları öz dərs vəsaitlərində necə təqdim edir? Qarabağın azad edilməsinə obyektiv yanaşılır, yoxsa hələ də birtərəfli və təhrif olunmuş təsvirlər üstünlük təşkil edir?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən siyasi elmlər üzrə fəlsəfə doktoru, professor, Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümü başqanı və Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı qeyd edib ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində çox önəmli bir dönüş nöqtəsidir və bu hadisənin Azərbaycan məktəblərinin dərs kitablarında əks olunması zəruridir:

"Bu, təkcə hərbi qələbə deyil, həm də tarixi ədalətin bərpası, işğal altında olan torpaqların azad olunması və dövlətin suverenliyinin təmin olunması ilə nəticələnən bir hadisədir. Gənc nəsil bu gerçəkləri bilməli, hadisələri olduğu kimi öyrənməlidir.

Ermənistanda da dərs kitablarında müəyyən dəyişikliklərin olması məlum məsələdir. Hökumət Təhsil Nazirliyinə müəyyən bir göstəriş verib, hətta dərs kitablarının adı dəyişdirilib. Əvvəllər "Erməni tarixi" adlı dərs kitabı var idi, lakin indi "Ermənistan tarixi" olub. Erməni dərs kitablarında şübhəsiz ki, şovinist ruhlu fikirlər yenə də qalır.

Belə ki, ermənilər bu kitablarda Azərbaycanda qırğınlar törətmiş, çoxsaylı insanların ölümünə səbəb olmuş adamları "qəhrəman" kimi yenə də təqdim edirlər. Bu kitablarda Qarabağla bağlı da bəzi yeni fikirlər ortaya atılır. Lakin yenə də həmin dərs kitablarında 2023-cü il 1 günlük antiterror əməliyyatı Qarabağdan etnik təmizləməsi kimi qələmə verilib. Bu da öz növbəsində yolverilməzdir. Əslində Vaşinqtonda qəbul olunmuş Bəyannamədə tərəflər separatçılıq, milli-ayrı seçkilik, şovinizm və digər məsələlərdən imtina etməyi öhdəliklərinə götürüblər.

Amma yenə də erməni dərs kitablarında bunlar yer almaqdadır. Düşünürəm ki, bu ideologiya, erməni şovinist ideologiyası fikri hələ də dəyişməyib. Onlar yenə də öz dediklərini, fikirlərini gənclərinə təqdim etməkdə davam edirlər. Şübhəsiz ki, buna etiraz olunmalıdır. Bu dərs kitablarında yer alan fikirlər obyektiv çatdırılsın deyə Ermənistan öhdəlik götürüb və bunu nəzərə də çatdırmaq lazımdır. Bu məsələ təkcə ictimaiyyətin deyil, həm də dövlət səviyyəsində, xüsusilə Xarici İşlər Nazirliyi və digər müvafiq qurumlar tərəfindən qaldırılmalı, beynəlxalq təşkilatların diqqətinə çatdırılmalıdır".

Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, erməni dərsliklərində dəyişiklik üçün uzun müddət lazımdır:

"Biz nəzərə almalıyıq ki, erməni cəmiyyəti problemlidir. Onların əsas ideologiyası uzun illər boyu Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik üzərində qurulub. Bu gün də Ermənistan cəmiyyəti hələ də həmin düşüncələrlə yaşayır və onları qoruyur.

Ermənistanın bütün dərsliklərində, hətta möhürlərində və müxtəlif sənədlərində bu ideologiya öz əksini tapır. Ona görə də bu yanaşma və baxışların dəyişməsi uzun illər tələb edir. Bu müddət olmadan hər hansı nəticəyə nail olmaq qeyri-mümkündür.

Düşünürəm ki, həmin vaxtdan sonra artıq bu məsələ barədə daha real şəkildə düşünmək mümkün olacaq".

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox