Azərbaycanın dünya miqyaslı kimyaçı alimi, akademik, pedaqoq, maarifçi və ictimai xadim Yusuf Məmmədəliyevin anadan olmasının 120 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 3-4 dekabr 2025-ci il tarixlərində Bakı Konqres Mərkəzində “Akademik Yusuf Məmmədəliyev: Elm, İrs və İnnovasiyalar Konfransı” keçiriləcək.
AzEdu.az xəbər verir ki, konfrans Elm və Təhsil Nazirliyi, Akademik Yusuf Məmmədəliyev Fondu və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə baş tutacaqdır.
Müasir dövrdə neft məhsullarına artan qlobal tələbat və mövcud ehtiyatların azalması fonunda ekoloji cəhətdən təhlükəsiz və iqtisadi baxımdan səmərəli yeni istehsal texnologiyalarının işlənməsi mühüm əhəmiyyət daşıyır. Konfrans alim və mütəxəssislərə mövcud texnologiyaların problemlərini müzakirə etmək, onların effektiv həlli yollarını təqdim etmək və əldə olunan nailiyyətləri elmi ictimaiyyətlə bölüşmək imkanı yaradacaqdır.
Tədbirdə neft emalı və neft-kimya sintezi məhsullarının istehsalı və emal texnologiyaları, neft emalı və neft-kimya proseslərində kataliz, bu proseslərin ekoloji problemləri, həmçinin neftçıxarma və neft emalı sənayesində nanotexnologiyaların və nanomaterialların tətbiqi mövzularında elmi müzakirələr aparılacaqdır.
Konfrans çərçivəsində yuxarıda qeyd olunan istiqamətlər üzrə ingilis dilində məqalələrin qəbulu həyata keçiriləcək.
Məqalələrin təqdim olunma müddəti 15 noyabr 2025-ci il tarixinədək davam edəcəkdir. Məqalələr [email protected] elektron ünvanına göndərilməlidir. Kollaborativ (bir neçə ölkədən müəlliflərin iştirakı ilə hazırlanmış) tədqiqat işlərinə üstünlük veriləcək, həmkar rəyindən (peer-review) keçmiş seçilmiş məqalələr isə konfrans buraxılışında dərc olunaraq qlobal elmmetrik bazalarda indeksləşdiriləcəkdir.