ABŞ-da ali təhsil almaq istəyən gənclər arasında xaricdə oxumağa maraq sürətlə artır. Xarici mediada yayımlanan məlumatlara görə, amerikalı tələbələr son illərdə yerli universitetlərə olan marağını azaldaraq Avropa, Kanada, Avstraliya və Asiya ölkələrində təhsil almağa daha çox üstünlük verməyə başlayıblar.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, bu meylin əsas səbəbləri arasında ABŞ-da ali təhsilin yüksək maliyyə xərcləri, universitet kampuslarında müşahidə olunan sosial, ideoloji və siyasi gərginliklər, eləcə də təhsil keyfiyyəti ilə bağlı narahatlıqlar yer alır.
Tələbələr arasında aparılan sorğular göstərir ki, ali məktəb diplomuna görə ödənilən minlərlə dollar və onillərlə davam edən tələbə kreditləri gənclərin maliyyə sabitliyini təhlükə altına salır. Bundan əlavə, bəzi universitet kampuslarında artan ideoloji qarşıdurmalar və söz azadlığı ilə bağlı məhdudiyyətlər də gəncləri narahat edir.