Bəzən valideynlər övladlarını tərbiyə edərkən atanın sözünü qorxu ilə qəbul etdirirlər. Amma təcrübə göstərir ki, qorxu deyil, hörmət və məsləhət əsasında formalaşan münasibət daha uğurlu nəticə verir. Atanın qərarına hörmətlə yanaşmaq, onun məsləhətini qəbul etmək ailədaxili münasibətləri möhkəmləndirir və övladlarda həm ata sevgisini, həm də ona olan hörməti gücləndirir.
Bu fikirləri psixoloq Aytən Ələkbərova AzEdu.az-a açıqlamasında bildirib.
"Təəssüf ki, bəzi analar atanın özündə belə xüsusiyyət olmasa da, müəyyən qadağaları övladların üzərinə “atanın adı ilə” tətbiq edirlər. Bu isə uşaqlarda ata sevgisinin azalmasına, hətta nifrətə çevrilməsinə səbəb ola bilər. Bu cür yanlış yanaşma, xüsusən yeniyetməlik dövründə daha kəskin şəkildə özünü göstərir.
Əslində isə ataların, xüsusən qız övladları ilə daha yaxın, dostyana münasibət qurması, onları dinləməsi, sevgi və hörmət göstərməsi gələcək həyat seçimlərinə də müsbət təsir edir. Belə qızlar ailə qurarkən daha düzgün seçim edirlər və boşanma halları da azalır. Çünki sağlam ata-qız münasibəti, övladın gələcəkdə əks cinslə ünsiyyətini də düzgün istiqamətləndirir.
Deməli, atanın ailədə nüfuzunun qorxu üzərində yox, sevgi, anlayış və dəstək üzərində qurulması həm övladların psixoloji sağlamlığı, həm də gələcək münasibətləri üçün mühüm əhəmiyyət daşıyır".