Son günlər havaların dəyişməsi ilə əlaqədar olaraq uşaqlar arasında mövsümi infeksiyalara yoluxma halları artıb. Bu dövrdə bəzi valideynlər övladlarını tamamilə evdə saxlamağı seçsə də, bəziləri açıq havada gəzməyin faydalı olduğunu düşünür.
AzEdu.az mövzu ilə bağlı pediatr Günay Rəsulovanın fikirlərini öyrənib.
Həkimin sözlərinə görə, öskürən uşaqlar üçün nəmli və bol oksigenli hava ən yaxşı təbii müalicə vasitəsidir:
“Xəstəliyin kəskin dövründə - yəni uşağın qızdırması, öskürəyi, qusması, qarın getməsi və halsızlığı davam edirsə, otağın havasını tez-tez dəyişmək, nəmləndirmək və həkimin təyinatlarını düzgün icra etmək vacibdir. Lakin uşağın ümumi vəziyyəti yaxşıdırsa və kəskin dövrü arxada qalıbsa, çox qaçmadan, yorulmadan, tərləyib-soyuma riskindən qorunaraq az adam olan bağlarda təmiz havada gəzməsi faydalıdır. Xüsusən də qıcıqlandırıcı öskürəklər açıq havada azalır”.
Pediatr valideynlərə qapalı yerlərdən uzaq durmağı tövsiyə edib:
“Alış-veriş mərkəzləri, uşaq əyləncə məkanları və digər insanların sıx olduğu qapalı yerlərə uşaqları aparmaq olmaz. Soyuq havada isə düzgün geyim qaydalarına mütləq riayət edilməlidir. Burun tənəffüsündə problemi olan uşaqlar çöldə ağızla nəfəs aldıqları üçün soyuqdan daha çox təsirlənə bilərlər. Buna görə də, uşağı havaya çıxarmadan əvvəl burun tənəffüsünü bərpa etmək çox vacibdir”.