Azedu.az

Xaricdə təhsil üzrə qəbul meyarları sərtləşdirilir - təsirləri nəcə olacaq?

Xəbərlər

Xaricdə Təhsil

22 Sentyabr 2025, 09:50
Xaricdə təhsil üzrə qəbul meyarları sərtləşdirilir - təsirləri nəcə olacaq?

Ötən günlərdə Elm və Təhsil naziri Emin Əmrullayev xaricdə təhsil üzrə dövlət proqramı üçün qəbul prosesini çətinləşdiriləcəyi ilə bağlı məlumat vermişdi.

Xaricdə təhsil üzrə dövlət proqramına qəbul meyarlarının sərtləşdirilməsi gənclərin hazırlığına və ümumilikdə təhsilin keyfiyyətinə hansı təsirləri göstərə bilər?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bildirib ki, xaricdə təhsil proqramlarına qəbul meyarlarının sərtləşdirilməsi ilk baxışdan təhsilin keyfiyyətini artırmaq məqsədilə atılmış bir addım kimi görünür:

168296

"Çünki bu dəyişikliklər tələbələrin daha ciddi hazırlaşmasına, dil və akademik biliklərini inkişaf etdirməsinə səbəb ola bilər. Daha güclü baza ilə xaricdə təhsil alan gənclər ölkəyə qayıtdıqdan sonra həm elmi, həm də peşəkar mühitə daha böyük töhfə verə bilərlər. Bununla yanaşı, sərtləşdirilmiş meyarların mənfi tərəfi də mövcuddur. Bəzən çox yüksək standartlar yalnız müəyyən göstəricilərə, yüksək bal və dil sertifikatlarına diqqət yetirir. Halbuki yaradıcılıq, sosial bacarıqlar və liderlik kimi digər vacib keyfiyyətlər kölgədə qala bilər. Almaniyanın DAAD proqramı kimi beynəlxalq nümunələr göstərir ki, yalnız akademik uğurlar deyil, ictimai fəaliyyət və könüllülük də nəzərə alındıqda daha balanslı seçim mümkündür.

Belə dəyişikliklərin tələbələrin marağına təsiri isə ikili ola bilər. Bir tərəfdən, gənclər özlərini bu yüksək tələblərə çatdıra bilməyəcəklərini düşünərək müraciət etməkdən çəkinə bilərlər. Digər tərəfdən isə, xaricdə təhsil hər zaman prestijli hesab edildiyi üçün çoxları bu meyarlara uyğunlaşmaq məqsədilə daha çox səy göstərəcək. Hazırlıq kurslarına və dil təlimlərinə marağın artması gözləniləndir. Koreya hökumətinin GKS təqaüd proqramı bu baxımdan maraqlı nümunədir: müraciət şərtləri son dərəcə sərt olsa da, hər il minlərlə tələbə bu imkandan yararlanmağa çalışır. Çünki proqram yüksək səviyyəli universitetlərdə təhsil almaq fürsəti təqdim edir".

Ən böyük çətinliklər isə sosial baxımdan həssas qruplar və regionlardan gələn gənclər üçün yarana bilər:

"Bölgələrdə yaşayan tələbələrin keyfiyyətli hazırlıq imkanlarına çıxışı məhduddur, repetitor xidmətləri və dil kursları isə çox vaxt əlçatan deyil. Sosial-iqtisadi durumu zəif olan ailələr üçün əlavə hazırlıq xərcləri ciddi problemə çevrilə bilər. Bu baxımdan Finlandiya təcrübəsi diqqətəlayiqdir: orada hökumət kənd və şəhər məktəblərinə eyni səviyyədə resurs və müəllim dəstəyi verir, təqaüd proqramlarında isə sosial vəziyyət nəzərə alınır. Əgər Azərbaycanda qəbul meyarları sərtləşdirilirsə, paralel olaraq belə dəstək mexanizmlərinin yaradılması vacibdir ki, istedadlı gənclər ön plana çıxsın.

Qəbul prosesində sərt meyarların tətbiqi keyfiyyətin yüksəlməsi üçün əhəmiyyətli ola bilər. Amma bu yanaşma sosial ədalət prinsipi ilə balanslaşdırılmalıdır. Ən düzgün yol isə beynəlxalq təcrübənin də göstərdiyi kimi, həm yüksək akademik tələbləri, həm də sosial dəstək mexanizmlərini birlikdə tətbiq etməkdir".

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox