Azedu.az

Təhsilsiz analar övladlarının gələcəyinə məhdudlaşdırır

Xəbərlər

17 Sentyabr 2025, 14:59
Təhsilsiz analar övladlarının gələcəyinə məhdudlaşdırır

Ala-yarımçıq orta təhsil alan, erkən nigahla yalnız məişət mövzularında qalan anaların yaratdığı ailədaxili mühit və ailədaxili psixoloji iqlim birbaşa onların tərbiyə etdiyi uşaqlara da təsirsiz qalmır.

Bu sözləri AzEdu.az-a açıqlamasında deputat Mehriban Vəliyeva söyləyib. 

Cəmiyyətin inkişafı insan kapitalının keyfiyyəti ilə sıx bağlıdır:

"İnsan kapitalının formalaşmasında isə ailə institutunun, xüsusən də ananın rolu müstəsna əhəmiyyət kəsb edir. Çünki ana övladın ilk sosial müəllimi və ilkin sosiallaşma mühitinin yaradıcısıdır.

Bu baxımdan “təhsilli ana” anlayışı yalnız formal təhsil sənədinə malik olmaqla məhdudlaşmır; həmin anlayış həmçinin maariflənmə səviyyəsini, dünyagörüş genişliyini və müasir sosial tələblərlə ayaqlaşmaq bacarığını da ehtiva edir.

 Elmi ədəbiyyatda “təhsil” anlayışı yalnız formal biliklər sistemi deyil, həm də insanın sosial davranışlarını, dəyərlərini, həyat bacarıqlarını əhatə edən geniş bir anlayış  kimi izah olunur. Bu mənada “təhsilli ana” – övladının inkişafına yalnız intellektual deyil, həm də psixoloji və sosial dəstək verən, həyat bacarıqlarını ötürən şəxsdir".

Savadsız analar çox vaxt ənənəvi çərçivələrlə kifayətlənirlər:

"Ala-yarımçıq orta təhsil alan, erkən nigahla yalnız məişət mövzularında qalan  anaların yaratdığı ailədaxili mühit və ailədaxili psixoloji iqlim birbaşa onların tərbiyə etdiyi uşaqlara da təsirsiz qalmır. Şəxsi nümunəsi ilə də övladları üçün geniş üfüqlər aça bilmir və düzgün yönləndirməkdə çətinlik çəkirlər.  Bu səbəbdən qızların təhsil alması, dünyagörüşlü olması ən vacib məsəsləldəndir. Gələcək nəslin düzgün tərbiyə olunması, düzgün yönləndirilməsi bundan çox asılıdır. Təhsilli analar övladlarını qlobal dünyaya açır, dəyişən sosial-mədəni mühitə uyğun hazırlayır. Savadsız analar isə çox vaxt ənənəvi çərçivələrlə kifayətlənirlər.

Elmi araşdırmalar göstərir ki, valideynlərin, xüsusən də anaların təhsil səviyyəsi övladların məktəb nailiyyətləri və sosial adaptasiyası ilə birbaşa korrelyasiya təşkil edir. Doğulan uşaqlarda ölüm halları da məhz daha çox savadsız və erkən nikahdan dünyaya gələn uşaqlar arasında olur. Uşaqların fiziki və emosional sağlam böyüməsi və intellektual inkişafı üçün düzgün və elmi yanaşma analardan bu prosesə hazırlıq zamanı çox ciddi maariflənmə tələb edir. Unutmayaq ki, ana olmaq yalnız dünyaya övlad gətirmək deyil. Ana olmaq dünyaya gətirdiyin övlad qarşısında, gələcək cəmiyyət qarşısında ciddi məsuliyyətdir".

Təhsilli anaların övladları cəmiyyətə daha bilikli, yaradıcı və sosial məsuliyyətli fərdlər kimi daxil olur:

"Ailə mühitində formalaşan bilik və dəyərlər son nəticədə cəmiyyətin intellektual potensialını müəyyən edir. Təhsilli anaların övladları cəmiyyətə daha bilikli, yaradıcı və sosial məsuliyyətli fərdlər kimi daxil olur. Təhsilsiz anaların övladları arasında uğurlu fərdlər yetişsə də, bu proses daha çox şəxsi səy və təsadüfi imkanlarla bağlı olur. Ola bilər ki təhsilli şəxslər arasında mənəvi keyfiyyətləri aşınan şəxsləri və ya gözəl şəxsiyyətlər tərbiyə edən savadsız nənələri də misal gətirənlər olacaq, bunlar sözsüz düzgün hesab edilən fikirlərdir. Yalnız söhbət savadlı və savadsız yanaşmadan və onun yaratdığı  və  insanın həyata hazırlığında yaratdığı təsirdən gedir. Məsələyə bu aspektdən yanaşaq.

Nəticə etibarilə “təhsilli ana” anlayışı yalnız formal təhsil sənədinə sahib olmaqla məhdudlaşmamalıdır. Əsl təhsilli ana – övladının sosial, intellektual və psixoloji inkişafına yön verən, müasir cəmiyyətin tələblərinə uyğun dəyərləri ötürən insandır. Onun təsiri fərdi taleləri aşaraq bütövlükdə cəmiyyətin sosial-iqtisadi inkişafına xidmət edir. Bu səbəbdən qadınların təhsil səviyyəsinin yüksəldilməsi təkcə gender məsələsi deyil, həm də strateji inkişaf məsələsi kimi qiymətləndirilməlidir".

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox