“Qarabağ” FK UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Portuqaliyada "Benfika"nı 3:2 hesabı ilə məğlub edib. Komandanın bu uğurlarında baş məşqçi Qurban Qurbanovun rolu danılmazdır.
AzEdu.az onun təhsilini araşdırıb.
Azərbaycan futbolunun tanınmış simalarından olan Qurban Qurbanov orta təhsilini doğulduğu Zaqatalanın Aşağı Tala kəndində alıb. O, 1979-cu ildə birinci sinfə Aşağı Tala 5 saylı səkkizillik məktəbdə başlayıb, son iki sinfi isə 3 saylı orta məktəbdə oxuyub.
Uşaqlıqdan futbola böyük maraq göstərən Qurbanov 9-cu sinifdə oxuyarkən məşqçi Şaban Şirdanovun dəvəti ilə “Daşqın” Zaqatala klubuna qoşulub. Tezliklə istedadı ilə seçilən gənc futbolçu məktəbi bitirəndə artıq komandanın əsas heyətində meydana çıxmağa başlayıb.
2008-ci ildən indiyə kimi "Qarabağ" klubunun baş məşqçisidir.
Baş məşqçi kimi isə Qurban Qurbanov “Qarabağ”la Azərbaycan futboluna yeni tarix yazıb. Onun rəhbərliyi altında komanda 11 dəfə Premyer Liqanın qalibi, dəfələrlə ölkə kubokunun sahibi olub. “Qarabağ” Qurbanovun rəhbərliyi ilə 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsinə və sonrakı illərdə Avropa Liqasının pley-off və qrup mərhələlərinə vəsiqə qazanaraq beynəlxalq arenada da ölkəni uğurla təmsil edib.
"Qarabağ" klubu ilə altı dəfə Azərbaycan Kubokunun qalibi olub, on dəfə Azərbaycan Çempionatının qızıl, bir dəfə gümüş, iki dəfə isə bürünc medalını qazanıb. Qurbanovun rəhbərliyi altında "Qarabağ" ilk dəfə 2014/2015 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ əldə edib.