Azedu.az

“Mən ali təhsil almışam” demək üçün xaricdə OXUMAYIN

Xəbərlər

15 Sentyabr 2025, 16:12
“Mən ali təhsil almışam” demək üçün xaricdə OXUMAYIN

Hazırda daha çox Azərbaycanlı tələbələr attestatla və imtahansız şəkildə xaricdə təhsil almağa gedirlər. Bu hallarda, adətən, həm təhsilin keyfiyyəti aşağı olur, həm də müvafiq lisenziya və akkreditasiyanın olmaması səbəbilə diplomların tanınmasında problemlər yaranır.

Bu sözləri AzEdu.az-a təhsil eksperti Vüsət Əzizov söyləyib.

Ekspert qeyd edib ki, tövsiyə olunur ki, beynəlxalq sertifikat və imtahan nəticələri ilə xaricdə təhsil alınsın:

“Xaricdə təhsil alan tələbələrin diplomlarının tanınması işini Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) həyata keçirir. Agentlik il ərzində ictimaiyyətə mütəmadi olaraq məlumat təqdim edir ki, hansı xarici ölkələrin və ali təhsil müəssisələrinin diplomları Azərbaycanda tanınmır, həmçinin diplomların tanınması üçün tələb olunan sənədlər və şərtlər barədə kifayət qədər məlumat paylaşılır.

Xaricə çıxmazdan əvvəl bu məlumatlara ətraflı şəkildə və diqqətlə nəzər yetirmək vacibdir. Buna baxmayaraq, bəzən xaricdə təhsil alıb ölkəyə qayıdan şəxslər diplomlarının tanınması üçün müraciət edirlər, lakin onların müraciətinə imtina cavabı verilir. İmtina səbəblərinin əsas hissəsini təşkil edən məqam odur ki, bəzi xarici ölkələrin və ya ali təhsil müəssisələrinin sənədləri yetərli olmur, yaxud həmin ölkənin təhsil müəssisəsi ümumiyyətlə rəsmi tanınmır, buna rəğmən tələbə oradan diplom almış olur. Belə hallarda həmin diplomlar Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən tanınmır”.

Bəzi xarici təhsil müəssisələri təhsil verdikləri ölkənin müvafiq nazirliyi tərəfindən tanınmır, bu səbəbdən də onların verdiyi diplomlar etibarsız sayılır:

“Bundan əlavə, Elm və Təhsil Naziri cənab Emin Əmrullayev də qeyd edir ki, bəzi hallarda tələbə təhsil aldığı ölkənin və ya tədris proqramının dilini bilmir, yaxud ixtisası ilə bağlı əsaslı biliklərə malik olmur. Bu da təbii olaraq diplomun tanınmaması ilə nəticələnir, çünki nə sənədlər düzgün qaydada təqdim olunur, nə də tələb olunan şərtlər ödənilir.

Digər vacib məqam isə akkreditasiya olunmamış təhsil müəssisələridir. Belə müəssisələr təhsil verdikləri ölkənin müvafiq nazirliyi tərəfindən tanınmır, bu səbəbdən də onların verdiyi diplomlar etibarsız sayılır. Bəzən xaricdə təhsil üzrə xidmət göstərən bəzi şirkətlər də yalan məlumatlar vədlər verərək vətəndaşları aldadırlar. Nəticədə insanlar müəyyən müddət sonra öyrənirlər ki, nə diplomları tanınacaq, nə də təhsil aldıqları universitetin lisenziyası varmış”.

Dörd il ərzində guya təhsil alırlar və sonra bildirirlər ki, “mən ali təhsil almışam”.

“Bu kimi halların qarşısını almaq üçün xaricdə təhsil almaq istəyən şəxslər mütləq şəkildə TKTA-nın rəsmi internet saytına daxil olaraq ətraflı məlumat əldə etməlidirlər. Bununla yanaşı, tövsiyə olunur ki, beynəlxalq sertifikat və imtahan nəticələri ilə xaricdə təhsil alınsın. Məsələn, SAT, YÖS, TOEFL kimi imtahanlardan keçərək xarici ali təhsil müəssisələrinə qəbul olunan şəxslər həm daha keyfiyyətli təhsil alır, həm də diplomlarının tanınmasında problem yaşamırlar.

Hazırda daha çox Azərbaycanlı tələbələr attestatla və imtahansız şəkildə xaricdə təhsil almağa gedirlər. Bu hallarda, adətən, həm təhsilin keyfiyyəti aşağı olur, həm də müvafiq lisenziya və akkreditasiyanın olmaması səbəbilə diplomların tanınmasında problemlər yaranır. Və eyni zamanda, daha çox burada olan şəxslər, xüsusilə müəyyən abituriyentlər, hərbi xidmətdən möhlət almaq məqsədilə xaricdə təhsil almağa yönəlirlər ki, 4 il ərzində hərbi xidmətdən möhlət əldə edə bilsinlər.

Bundan başqa, bəzən görürsünüz ki, şəxslər ölkədən çıxmadan, tamamilə onlayn formada xarici universitetlərdə “təhsil alırlar”. Yəni, dörd il ərzində guya təhsil alırlar və sonra bildirirlər ki, “mən ali təhsil almışam”. Amma təbii ki, bu formada əldə olunan diplomlar ölkədə tanınmır. Hətta bəzən valideynlər də bu prosesin fərqində olaraq, bilərək şəkildə belə bir addım atırlar, sanki yekunda diplomlar tanınacaqmış kimi davranırlar. Amma dörd ildən sonra Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həmin diplomlar tanınmır. Qeyd etdiyim kimi, bu prosesin əsas məqsədi hərbi xidmətdən müvəqqəti möhlət əldə etmək və vaxt qazanmaqdır”.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox