UC Merced Universitetində aparılan yeni tədqiqat pandemiya dövründə məktəbəqədər yaşlı uşaqların sosial idrak bacarıqlarında ciddi geriləmələrin olduğunu ortaya qoyub. Alimlər qeyd edirlər ki, COVID-19 səbəbilə tətbiq edilən qapanmalar (lockdown) nəticəsində uşaqlarda “false belief understanding” – yəni başqasının yanıldığını və fərqli düşündüyünü dərk etmək bacarığı zəifləyib.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqat psixoloq Rose Scott-un rəhbərliyi altında həyata keçirilib və ABŞ-da 3,5–5,5 yaş arası yüzlərlə uşaq arasında aparılıb. Alimlər pandemiyadan əvvəl və sonra doğulan uşaqların sosial idrak səviyyəsini müqayisə edərək maraqlı nəticələr əldə ediblər.
Belə ki, pandemiyadan əvvəl bu yaş qrupu uşaqların təxminən 80%-i “false belief” testlərindən uğurla keçirdisə, pandemiyadan sonra bu göstərici 63%-ə qədər enib. Aşağı sosial-iqtisadi təbəqədən olan uşaqlarda isə bu göstərici daha kəskin olub cəmi 51% testi keçə bilib.
Testlərdə uşaqlara sadə ssenarilər göstərilib. Məsələn, bir oyuncaq bir qutuya qoyulur, daha sonra gizlicə başqa yerə keçirilir. Uşaqdan isə soruşulur: "Oyuncağı axtaran personaj onu harada axtaracaq?" Bu tip suallar uşağın qarşıdakının fərqli və ya səhv inanca sahib ola biləcəyini anlayıb-anlamadığını ölçür.