Bu gün Suraxanı Rayon İcra Hakimiyyətinin və YAP Suraxanı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 2025/2026-cı tədris ili üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olunmuş rayon məktəblərinin məzunları ilə görüş keçirilib.
AzEdu.az xəbər verir ki, görüşdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Milli Məclisin deputatı Qaya Məmmədov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının müavinləri və şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, məktəb direktorları və məzunlar iştirak ediblər.
RİH başçısı Adil Əliyev tədbiri giriş sözü ilə açaraq bütün məzunları təbrik edib və bildirib ki, ölkəmizdə təhsilin inkişafına göstərilən böyük dövlət qayğısı, ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirir, bu sahədə əldə olunan uğurlar, qazanılan nailiyyətlər günbəgün artır. Hər il rayon üzrə 600-dən çox bal toplayaraq ali məktəblərə qəbul olan məzunların sayının artması dövlətimiz tərəfindən təhsilə göstərilən diqqətin bariz nümunəsidir. Adil Əliyev qeyd edib ki, ötən tədris ilində Suraxanı rayonu üzrə ümumtəhsil məktəblərini bitirən 3637 şagirdin 1795 nəfəri ali məktəblərə qəbul olunub. Onlardan 116 nəfəri 600-dən çox bal toplayıb.
Tədbirdə çıxış edən YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov da tələbə adını qazanan bütün məzunları təbrik edərək onlara uğurlar arzulayıb. O, diqqətə çatdırıb ki, ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar gəncləri yüksək təhsil almağa və gələcəkdə dövlətimizə və xalqımıza layiqli xidmət göstərməyə ruhlandırır.
Milli Məclisin deputatı Qaya Məmmədov da çıxış edərək tələbə adını qazanan bütün məzunları təbrik edib, uğurlar arzulayıb.
Sonra Rayon İcra Hakimiyyəti və YAP Suraxanı Rayon Təşkilatı tərəfindən məzunlara hədiyyələr, RİHB-nin Fəxri Fərmanları təqdim olunub.
Tədbirin bədii hissəsində 3 saylı Uşaq Gənclər İnkişaf mərkəzinin “Azəri inciləri” vokal qrupu, Mirzəağa Əliyev adına Mədəniyyət Evinin “İnci” rəqs ansamblı, Raul Hüseynov, sevilən müğənni İlhamə Qasımova çıxış ediblər.