Son günlər mətbuatda paytaxt məktəblərindən birinin direktoru ailəsinə, xüsusən də övladına daha çox vaxt ayıra bilmədiyi üçün öz istəyi ilə vəzifəsindən ayrılması barədə xəbər yayıldı. Bu hadisə təhsil ictimaiyyətində geniş rezonans doğurdu. Həmin həmkarımızın addımı bir daha göstərdi ki, məktəb rəhbərliyi sadəcə bir idarəçilik işi deyil, həm də ağır bir məsuliyyət və fədakarlıq tələb edən həyat tərzidir.
Bu fikirləri Salyan rayonu Qarabağlı kəndi 2 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor müavini Zeynəb Məmmədli AzEdu.az-a açıqlamasında bildirib.
Təhsil rəhbərliyi ürək işidir
"Direktor vəzifəsini icra edən bir şəxs kimi yaxşı bilirəm ki, məktəbin qapısından daxil olduğumuz andan etibarən üzərimizə yalnız idarəetmə yox, həm də yüzlərlə uşağın gələcəyi, onların valideynlərinin etimadı, müəllimlərin ümidləri yüklənir. Bu yük bəzən insanı öz ailəsindən, öz övladlarından belə uzaq sala bilir.
Mən Lənkəranlıyam. Hazırda Salyan rayonunun mərkəzindən 27 km məsafədə yerləşən, 500-dən çox şagirdi olan bir məktəbdə rəhbər vəzifədə çalışıram. Açığı, aylarla anamı, atamı görə bilmədiyim vaxtlar olur. Günlərlə iş otağından gec saatlarda çıxdığım anlar, ailəmin yanında ola bilmədiyim günlər çoxdur. Bu iş insanı həm peşəkar, həm də emosional sınaqlardan keçirir.
Bəzən düşünürsən ki, biz başqalarının övladlarına gələcək hazırlayarkən öz övladlarımız bizi gözləyir. Bəzən də məktəbin problemləri, qayğıları o qədər üstün gəlir ki, insanın şəxsi həyatına ayıracaq zamanı olmur. Amma bütün bunlara baxmayaraq, biz bu vəzifəni sevərək, böyük bir məsuliyyətlə icra edirik. Çünki yaxşı bilirik: hər bir şagirdin uğuru, hər bir müəllimin dəstəyi, hər bir valideynin razılığı bu fədakarlığın ən gözəl mükafatıdır.
Həmkarımın verdiyi qərarı anlayışla qarşılamaqla yanaşı, bir daha dərk edirəm ki, təhsil rəhbərliyi sadəcə vəzifə deyil, həm də ürək işidir. Bu ürək isə həm övlad sevgisini, həm də minlərlə şagirdin ümidini daşımağa çalışır".